Avqustun 20-də Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun imzalayıb. Qanun 2022-ci ilin iyul 1-də qüvvəyə minir. Həmçinin qanunla “Enerji effektivliyi fondu”nun yaradılması nəzərdə tutulur.
Enerji məsələləri üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban yeni qanunla bağlı ASTNA-nın suallarını cavablandırıb.
Sual: İlham bəy, prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun imzalayıb. Bu qanun özündə nələri ehtiva edir?
Cavab: Qanun ilk olaraq enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətini müəyyən edir. Qanuna görə, bu siyasət energetika sisteminin etibarlılığının və təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Enerji resurslarından səmərəli istifadə etməkdə məqsəd isə rəqabətə davamlı iqtisadi inkişafın təmin edilməsinə nail olmaqdır.
Qanun həmçinin dövlətin vəzifələrini müəyyənləşdirir: bu sahədə normativ hüquqi bazanın qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması, enerji effektivliyi üzrə stimullaşdırıcı və təşviqedici mexanizmlərin həyata keçirilməsi, enerjiyə qənaət edən texnologiyalara və xidmətlərə investisiya qoyuluşunun dəstəklənməsi; enerji effektivliyinin faydası, iqtisadi, ekoloji və sosial üstünlükləri haqqında istehlakçıların maarifləndirilməsi və məlumatlandırılması, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində kadr hazırlığının həyata keçirilməsi və binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının həyata keçirilməsi.
Qanunla müntəzəm enerji auditinin keçirilməsi nəzərdə tutulur. Yəni bu ona görə lazımdır ki, müəyyənləşdirmək mümkün olsun ki, atılan addımlar nə dərəcədə enerjidən səmərəli istifadə etməyə imkan verir. Məcburi audit qaydası da müəyyənləşdirilib ki, bu da 3 ildən bir vacibdir.
Qanun istilik enerjisini ölçmək üçün istehlakçıların ağıllı sayğaclarla təchizatını da nəzərdə tutur və bu təchizatçı tərəfindən təmin edilir. Yəni bunun önəmi nədir? İstehlakçılar nəyə görə “Azəristiliktəchizat” kimi dövlətə məxsus qurumdan istilik almağa maraq göstərmirlər? Ona görə ki, bu qurum isti yox, ilıq temperaturda istilik versə də, özünü haqlı sayır. Ancaq ağıllı sayğaclar tətbiq edildikdən sonra, artıq təchizatçı verdiyi istiliyin həcminə görə istehlakçıdan pul tələb etmək ixtiyarı olacaq.
Həmçinin qanun məlumatların istehlakçılara internet üzərindən çatdırılması, istehlakla bağlı fərdi məlumatların ən azı 3 il müddəti əhatə edən dövr üçün saxlanılmasını nəzərdə tutur.
Qanundan göründüyü kimi enerji səmərəliyində ilk olaraq əsas yük dövlətin üzərinə düşür – dövlət onun strukturunu, alt bazasını yaradır və istehlakçıya təqdim edir, istehlakçı bunun faydasını praktikada görüb ona əməl etməyə başlayır və beləliklə, sonda enerjidən daha qənaətcil texnologiyaların tətbiqi sahəsində səmərəli və effektiv istifadəyə nail olunur ki, bu da həm dövlətə, həm də hər bir istifadəçiyə kommersiya baxımından faydalı olur.
Sual: Bundan əvvəl də Azərbaycanda “Enerji resurslarından istifadə haqqında” qanun var idi. Yeni qanunun qəbuluna zərurət hardan yaranıb?
Cavab: Düzdür. Bu qanun “Enerji resurslarından istifadə haqqında” AR qanunu adlanırdı və 1996-cı ildə qəbul edilmişdi. Həmin qanun enerji resursları, onların uçotu, onlara dövlətin nəzarət mexanizmləri, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti, bu sahəyə xarici investisiyaların cəlb edilməsini, beynəlxalq əməkdaşlıq kimi məsələləri nəzərdə tuturdu. Doğrudur, 25 il öncə qəbul edilmiş qanunda da sonda enerji səmərəliyi haqda müddəa vardı, amma enerji resurslarından səmərəli istifadə sahəsində təhsilin zəruriliyini vurğulayır və kadrların hazırlanmasına diqqəti çəkirdi. İndi isə yuxarıda qeyd edilənlərlə müqayisə etsək görürük ki, yeni qanun kifayət qədər fərqlidir və müasir dövrün cağırışlarını özündə ehtiva edir.
Sual: Qanuna əsasən enerjı resurslarından istifadənin effektivliyini artırmaq məqsədilə istifadə edilən enerjinin həcmini və dəyərini müəyyən edən ağıllı sayğacların, istilik və qaz istehlakı sahələrində sayğacların quraşdırılması nəzərdə tutulur. Bu sayğac məsələsi insanların ən çox şikayətləndiyi sahələrdir. Niyə sayğaclar belə tez-tez dəyişdirilir? Və bunu qanun layihəsinə salmağın başlıca məqsədi nədir? Bu sayğaclar üzərindən aparılan maxinasiyaların, yeyintilərin qarşısını alacaqmı?
Cavab: Sayğac məsələsi həqiqətən cəmiyyət olaraq bizim yaralı yerimizdir. Və burada cəmiyyəti qınamaq da mümkün deyil. Çünki bu millət istər Sovet dövründə, istərsə də müstəqillik zamanında “zapravkada” gördüyü o olub ki, elektron formatda N qədər litr yazılsa da, amma avtomobilinin çəninə o qədər getməyib. Bu, artıq metroloji məsələ deyil – sırf psixoloji problemdir. Ona görə də, məsələ heç də ağıllı və ya ağılsız sayğaclardan istifadədə deyil. Hökumətin ilk vəzifəsi cəmiyyətin bu və ya digər sahədə inamını qazanmaqdan keçməlidir ki, nəzərdə tutduğu işin də səmərəsini daha tez müddətə əldə edə bilsin.
Mənim qənaətim budur ki, inam məsələsində uğurun ən qısa yolu bazar iqtisadiyyatının əsas atributu – rəqabətin tətbiqidir. Yoxsa, istəyirsən ən bahalı kvant sayğacları tətbiq et, istədiyin effekti praktikada almaq müşkül məsələyə çevriləcək.
O ki, qaldı sizin sualın birbaşa cavabı – ağıllı sayğaclarla bağlı məsələnin qanuniləşdirilməsi – onu mən əvvəlki sualda daha ətraflı izah etdim, nəyə görə bu lazımlıdır bu halda.
Sual: Alternativ enerji ilə bağlı, onun artırılması, əlçatan olması ilə bağlı qanunda nələrsə nəzərdə tutulubmu?
Cavab: Xeyr. Qanunda o barədə hər hansı müddəa yoxdur, amma dolayı olaraq buna bağlılığı olan ciddi bir məsələ öz əksini tapıb.
Aydındır ki, enerji səmərəliliyi və enerji effektivliyinin əsas meyarı əsasən yayayış binalarının istini və soyuğu nə dərəcədə sağlamasına bağlıdır. Elə buna görə də Avropa Komissiyası hələ 2005-ci ildə alternativ enerjinin Avropa Birliyində inkişafı ilə bağlı strategiya qəbul edərkən, ilk olaraq diqqəti bu məsələyə yönəltdi və qısa müddətdə o zamana qədər mövcud olan həm tikinti normativlərini dəyişdi, həm də tikinti materialları ilə bağlı xüsusi normativ aktlar qəbul etdi. Yəni obyekt elə materialdan tikilməliydi ki, onun enerji effektivliyi daha yüksək olsun.
İndi Azərbaycanın qəbul etdiyi qanunda da binalar üçün minimum enerji effektivliyi normalarının və binaların enerji effektivliyi üzrə pasportlaşdırılma qaydalarının tətbiqi nəzərdə tutulur. Göründüyü kimi biz bu məsələdə çox gecikmişik, çünki Bakıya yuxarıdan nəzər yetirsək, istər şəhərin mərkəzi olsun, istər yataq rayonları – hamısını enerji effektivliyindən uzaq yeni tikililərlə tikib doldurmuşuq. Barmaqla sayılacaq binalar var ki, onlar tikilərkən istiliyi özündə saxlayan materiallarla tikilib.
Sual: Qanunla həmçinin “Enerji effektivliyi fondu”nun yaradılması nəzərdə tutulur. Bu fondun funksiyası nə olacaq?
Cavab: Əslində mən ölkədə bu qədər büdcədənkənar Fondların olmasını istəməzdim, heç inanmıram ki, hökumət üzvlərindən kimsə bu fondların hamısını sadalaya və heç birini unutmaya.
Qanunun 16.1 maddəsində bildirilir ki, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji effektivliyi fondu yaradır.
Enerji effektivliyi fondu 6 mənbədən formalaşa bilər: enerji resurslarının tarif və qiymətlərində fonda ayrılması nəzərdə tutulan vəsait (enerji resurslarının satışından əldə olunan vəsait), kreditlər və qrantlar, hüquqi və fiziki şəxslərin könüllü ianələri, beynəlxalq təşkilatların və digər donorların ayırmaları, fondun vəsaitinin idarə olunmasından əldə olunan gəlirlər (lap Neft Fondundakı kimi), qanunla qadağan olunmayan digər mənbələr (burada imkanlar daha genişdir).
Bəs “Enerji effektivliyi fondu”nun vəsaitləri hansı məqsədlər üçün xərclənə bilər? Qanun birmənalı olaraq göstərir ki, enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə.
Dövlət başçısı hökumətə tapşırıb ki, 9 ay müddətində, yəni 20 may 2022-ci ilə qədər enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Sual: Siz qanunda əsasən nələrin olmasını istəyərdiniz? Hansı məsələlər var ki, onlar bu qanunda nəzərdə tutulmayıb?
Cavab: Bizdə qanunlar yazılır və inkişaf etmiş ölkələrdən zaman etibarı ilə xeyli geciksə də qəbul da olunur. Amma qanunun praktikada işlənməsi məsələsi də var. Onlarda işləyir, bizdə bir qədər fəqrli mənzərə ilə müşayət olunur. Yəni hər qanunun icrası eyni deyil. Kommersiya maraqları olan yerdə qanunların tətbiqi daha mürəkkəb formada olur. Bu baxımdan Sizdən xahişim odur bir qədər zaman ayırın və ev alqı-satqısı ilə ixtisaslaşan saytları nəzərdən keçirin, görün “pod mayak” deyilən mənzillər satışa necə çıxarılır… Sovetin “Əhmədlidə” və ya “mikrorayonlarda” tikdiyi binalardan hansısa üstünlükləri varmı? Əlbəttə ki, mən enerji effektivliyi baxımından deyirəm. Enerji effektivliyi məsələsini indiyə qədər Hökumət yaşayış binasını tikənin, onu istismar edənin deyil, fərdi şəkildə mənzil sahiblərinin öz ixtiyarına verib. Nəticə isə arzu edilən olmayıb ki, indi Prezident səviyyəsində məsələnin həllinə müdaxilə edilir ki, mövcud vəziyyəti beynəlxalq praktikada olan standartlara uyğunlaşdırsınlar.
Bax belə, arzum budur ki, bundan sonra Azərbaycanda tikilən binalar həm göz oxşasın, həm də istiliyi əla+ keyfiyyətində saxlamağa qadir olsun.
Söhbətləşdi Kamran Mahmudov
TURAN