Azərbaycan OPEC-in qərarını dəstəkləyir

37

Azərbaycan ölkəmizdə gündəlik neft hasilatının oktyabrda daha 7 min barrel artırılmasını nəzərdə tutan yeni “Əməkdaşlıq Bəyannaməsi”ni dəstəkləyib.

Bu barədə “Report” Energetika Nazirliyinə istinadən xəbər verir.

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 20-ci iclasında, iyul ayında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq gündəlik neft hasilatının oktyabrda 400 min barrel artırılması barədə əldə edilmiş razılığa Azərbaycan da öz dəstəyini ifadə edib.

Yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının oktyabrda daha 7 min barrel artırılaraq 640 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 78 min barrel həcmində olmasını nəzərdə tutur.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 milyon barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilmişdir.

Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barrel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olur.

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin növbəti iclasının isə 2021-ci ilin 4 oktyabr tarixində keçirilməsi qərara alınıb.