Daha 3 ölkə dənizçilərin koronavirusa qarşı könüllü peyvənd proqramını tətbiq edir

40

Milliyətindən asılı olmayaraq dənizçilərin koronavirusa qarşı könüllü peyvənd proqramının tətbiqinə  ABŞ, Belçika, Hollandiya, Almaniya, Kanadadan sonra Danimarka, Avstraliyanın Kvinslend əyaləti və Rusiya da başlayıb. 

Danimarka dənizçilərə bir komponentli “Johnson & Johnson”-la  peyvənd olunmağı təklif edir. Bunu, Danimarkanın dəniz limanlarında, eləcə də tranzitdən söhbət gedirsə,  ölkənin hava limanlarında gerçəkləşdirmək mümkündür.

Avstraliyanın Kvinslend ştatında da bütün millətlərdən olan dənizçilərin “COVID-19”-a qarşı  peyvəndlənməsinə start verilib.  Ştatın dəniz səlahiyyətliləri, ilk növbədə koronavirus infeksiyasının yüksək riskli bölgələrindən gələn, Avstraliya limanlarına mütəmadi səfərlər edən və yanacaq nəql edən gəmilərin heyətlərini peyvəndləməyi nəzərdə tutan  proqram hazırlamaq üçün “QLD Health” şirkəti ilə əməkdaşlıq edir.

Rusiyada “Poseydon” Qrupunun Dəniz Agentliyi, dənizçilərin müayinə və “Sputnik Light” ilə peyvənd edilməsi üçün gəmilərə bir tibb işçisi göndərməyə hazır olduğunu bildirib. Xidmətdən, yaşayış yerindən və qeydiyyatından asılı olmayaraq Rusiya Federasiyasının bütün vətəndaşları istifadə edə bilərlər.

seanews.az