Ölkənin su hövzələrinə balıq körpələri buraxılacaq

49

Balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi, populyasiyasının artırılması, ölkənin təbii su hövzələrinin zənginləşdirilməsi məqsədilə 2021-ci ilin sentyabr-oktyabr ayları ərzində müxtəlif növ balıq körpələri təbii su hövzələrinə buraxılacaq.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

O qeyd edib ki, Göygöl, Maralgöl, Nohurqışlaq göllərinə, Kür çayına, Kiçik Qızılağac körfəzinə, Mingəçevir, Şəmkir və Yenikənd su anbarlarına balıqartırma müəssisələrində yetişdirilən nərə, uzunburun, forel, çəki, qalınalın, ağ amur körpələrinin buraxılması planlaşdırılır:

“Biz bütün balıq yetişdirən müəssisələri balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına bizimlə birgə töhfə verməyə çağırırıq”.

Xidmət rəsmisinin sözlərinə görə, balıq körpələrinin təbii su hövzələrinə buraxılışı oktyabrın sonunadək davam edəcək.