Ticarət donanmasında komandir heyəti üzrə çatışmazlıq yaranıb

49

Son beş ildə aparılan araşdırmaların nəticələrinə görə, 2021-ci ildə dünya ticarət donanmasında 26.240 nəfər dənizçi (komandir heyəti) çatışmazlığı yaranıb.

“Seanews.az” xəbər verir ki, öncə bu rəqəm 16.500 nəfərə bərabər idi.

“İCS” və “Bimco”nun hesablamalarına görə, cari il ərzində 1.881.320 nəfər Beynəlxalq Konvensiyanın tələbələrinə uyğun olaraq müvafiq təlimləri keçərək mütəxəssis sertifikatı qazanıb. Eyni zamanda, 883.780 nəfər komandir və 997.540 nəfər sıravi heyət üzvü də sertifikat əldə edib.

2015-ci ildən bu günə kimi komandir heyətinin sayı 10.8% artıb. Lakin bu, dünya donanmasının genişlənməsi səbəbindən tələbatı ödəmək üçün kifayət deyil.

Əsasən tanker və dəniz-neft sektorunda çatışmazlıq nəzərə çarpır. Bu sahədə 26.240 nəfər çatışmazlıq qeydə alınıb. Gəmiçilik sənayesində 2026-cı ilə qədər əlavə 89.510 nəfər komandir heyətinə ehtiyac yaranacağı proqnozlaşdırılır.

Bu göstəricilərdən əlavə, tədqiqatçılar qadın dənizçilərin sayının artdığını da qeyd edirlər.  Ekspertlərin fikrincə, gender balansının yaxşılaşdırılması və dənizdə işçi qüvvəsi çatışmazlığının aradan qaldırılması üçün bu müsbət göstəricidir.  Buna baxmayaraq, dənizdə çalışan qadınların faizi (1.28 %) hələ də aşağıdır.

Araşdırmanın nəticələrinə dair hesabatda deyilir ki, dəniz sənayesi üçün işçi qüvvəsini təmin edən əsas ölkələrin tərkibi dəyişməz qalıb. Liderliyi əlində saxlayan Filippindən sonra Rusiya, İndoneziya, Çin və Hindistan gəlir. Bu, beş ölkə dünyanın dənizçi qüvvəsinin 45% -ni təşkil edir.