“Şimal axını-2” kəmərinin tikintisi tam başa çatıb

48

“Şimal axını-2” qaz boru kəmərinin tikintisi tam başa çatdırılıb.

“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Qazprom” şirkətinin açıqlamasında deyilir.

Qeyd olunur ki, kəmərin tikintisi bu gün (10 sentyabr) səhər başa çatıb.

“Şimal axını-2” layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.

“Qazprom” kəməri bu ilin sonuna istismara vermək niyyətindədir.

Şirkətin məlumatına görə, “Şimal axını-2” kəməri ilə cari ildə 5,6 mlrd. kubmetr qaz nəqli oluna bilər.

“Bloomberg” agentliyi isə öz mənbəyinə istinadən “Qazprom”un birinci xətlə bu il oktyabrın 1-dən, hər iki xətlə isə dekabrın 1-dən qaz nəqli etməyi planlaşdırdığı barədə məlumat yayıb.

Qeyd edək ki, ABŞ-ın sanksiya təhlükəsi ilə əlaqədar İsveçrənin “Allseas” şirkəti boruların döşənməsindən imtina etdiyinə görə kəmərin tikintisi 2019-cu ilin dekabrında dayandırılmışdı.

2020-ci ilin dekabrından istə tikinti işləri yenidən bərpa olunub.