Xəzər sahilində suitilərin tələfatının səbəbləri nədir? – RƏSMİ AÇIQLAMA

43

Xəzərin Mərdəkan sahilində iki ölmüş suiti aşkarlanıb.

Bu barədə Trend-ə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov ölən suitilər üzərində kəsik izləri müəyyən edildiyini deyib:

“Bu suitilər endemik növdür. Onlara yalnız Xəzər dənizində rast gəlinir və digər suitilərlə müqayisədə kiçikdirlər. Bunlar kaladalara ilişərək tələf olublar. Kaladalar qeyri-qanuni ov alətidir. Torlara hər 20 santimetrdən bir qoyulur. Xəzərdə 100 metrlərlə uzunluğunda belə torlar var. Adətən nərə balıqlarının ovlanmasında istifadə olunur. Biz suitilər üzərində də hər 20 santimetrdən bir belə izlərə rast gəldik. Bunlar brakonyerlər tərəfindən zərər çəkmiş heyvanlardır. Onları kimsə öldürməyib, sadəcə dediyim kimi, həmin torlara ilişiblər”.

Qurum rəhbəri bildirib ki, nazirlik vaxtaşırı qeyri-hökumət təşkilatları ilə birgə həm dənizdə, həm də kanallarda qanunsuz torların quraşdırılmasına qarşı monitorinqlər aparır: “Onlar çox nazik, lakin bərk olurlar. Balıq bunu görmür və ilişir. Xəzərdə də balıq ehtiyatı azaldığından, suitilər harada yem görürlərsə, hücum edirlər. Nəticədə belə torlara ilişərək tələf olurlar”.

M.Axundov ehtiyatların azalmasına iqlim dəyişikliyinin də təsir göstərdiyini vurğulayıb: “Biz iyul-avqust aylarında apardığımız tədqiqatları 10 il əvvəlki araşdırmalarla müqayisə etdik. Məlum oldu ki, suyun temperaturu 4-5 dərəcə artıb. Həmçinin 2015-ci ildən bəri Kürün axını 2 dəfə azalıb. Hətta azalma o dərəcəyə çatdı ki, dənizin suyu Neftçala və Salyana qədər gedib çıxdı. Belə olan halda əsasən çəkikimilər, qızıl balıqlar kürü tökmək üçün Kürə girə bilmir. Ona görə, onların ehtiyatları da azalır. İqlim dəyişikliyi bu şəkildə davam etsə, nəticələri çox ağır olacaq”.