Veteran dənizçi Səfail Əliyev 75 illik yubileyini qeyd edir

266

Veteran dənizçi, uzun illər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sıralarında çalışan Səfail Əliyev 75 illik yubileyini qeyd edir.

Bu məqsədlə ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin və Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları yubiliyara baş çəkib, onu doğum günü münasibətilə təbrik ediblər.

Həmkarları ona ASCO-nun sədri Rauf Vəliyev başda olmaqla, bütün dənizçilərin xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar.

Səfail Əliyev 19 sentyabr 1946-cı ildə Astara rayonunun Rüdəkənar kəndində anadan olub. 1968-ci ildə Bakı Dəniz Yolları Məktəbini, 1977-ci ildə Odessa Dəniz Mühəndisləri İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1968-ci ildə Xəzər Dəniz Gəmiçiliyində motorçu kimi başlayıb. Qısa müddətdə 4-cü, 3-cü, 2-ci və baş mexanik vəzifələrinədək irəliləyib.

1990-cı ildən “Xəzərdənizneftdonanma” idarəsində Donanmanın texniki istismarı xidmətində Xidmət rəisinin müavini, xidmət rəisi vəzifələrində işləyib. 2004-cü ildən baş mühəndis vəzifəsinə yüksəlib.

2007-ci ildə Xəzər Dəniz Neft Donanmasının Gəmi Təmiri Zavoduna direktor təyin edilib və 2009-cu ilədək bu vəzifədə çalışıb.

2012-2015-ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasının Dənizçilərin hazırlanması və sertifikatlaşdırılması mərkəzində direktor müavini olub.

2008-ci ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

seanews.az