“Neftçilər Günü”ndə “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb

294

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də (BGZ) inşa edilmiş “Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankeri inşasının növbəti mərhələsinə qədəm qoyub.

Bu barədə “Report”a ASCO-dan məlumat verilib.

Məlumata görə, bu məqsədlə gəmi zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb.

20 sentyabr “Neftçilər Günü”ndə baş tutan suyasalınma mərasimində ASCO-nun sədri Rauf Vəliyev, BGZ-nin baş meneceri İmanverdi Həsənovla yanaşı, hər iki qurumun əməkdaşları və Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) əlaçı tələbələri iştirak ediblər.

R.Vəliyev bildirib ki, tikintisinin növbəti mərhələsinin aparılması üçün suya salınan gəmiyə Prezident İlham Əliyevin ötən il yanvarın 15-də imzaladığı sərəncama uyğun olaraq neft sənayesinin canlı əfsanəsi, görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin adı verilib. Bu, ASCO-nun sifarişi ilə BGZ-də inşa olunan sayca 3-cü tankerdir. Bundan öncə Zavodda eyni tipli “Laçın” və “Kəlbəcər” tankerləri uğurla inşa edilərək, təhvil verilib.

R.Vəliyev qeyd edib ki, ümumilikdə son 8 ildə ASCO-nun donanmalarına 18 yeni gəmi əlavə olunub. Həmin gəmilərdən 10 ədədinin tikintisi üzrə sifariş BGZ-də yerləşdirilib və bu istiqamətdə əməkdaşlıq bundan sonra da davam etdiriləcək. Bunun üçün həm xüsusi dövlət dəstəyi və qayğısı var, həm də kifayət qədər kadr potensialı mövcuddur. Sevindirici haldır ki, bu sahədə fəal rol oynayan çoxsaylı gənclər sırasında ADDA-nın məzunları da yer alır.

Həm ASCO, həm də BGZ ailəsini gəminin suyasalınması münasibətilə təbrik edən sədr tikintidə iştirak edən hər kəsə təşəkkür edib, onlara işlərində uğurlar arzulayıb.

Daha sonra çıxış edən İ.Həsənov yerli gəmiqayırma sənayesinin mövcud imkanlarından, eləcə də gələcək hədəflərdən danışıb. O, qeyd edib ki, fəaliyyətini durmadan genişləndirən Zavod qarşıya qoyulan tapşırıqları vaxtında, yüksək peşəkarlıqla yerinə yetirir: “ASCO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Ən əsası, inşa olunaraq təhvil verilən gəmilər hər birimizdə böyük iftixar, qürur hissi yaradır”.

Tədbirdə “Akademik Xoşbəxt Yusifzadə” tankerinin parametrləri və texniki göstəriciləri barədə də ətraflı məlumat verilib. Bildirilib ki, gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir. “Akademik Xoşbəxt Yusifzadə” tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan gəmi hər biri 1,200 kW gücə malik iki ədəd “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib.

Çıxışlardan sonra “Akademik Xoşbəxt Yusifzadə” tankeri tikintisinin növbəti mərhələsinin davam etdirilməsi məqsədilə suya salınıb. Suya salınmaq üçün müvafiq düyməni ADDA tələbələri və Zavod əməkdaşları sıxıb.

Tədbir çərçivəsində ADDA tələbələri BGZ-nin fəaliyyəti və burada tikilən yeni gəmilərlə yaxından tanış olublar.