“BP Singapore”: “Neftə tələbat gələn il normaya düşəcək”

214

Dünyada neft istehlakının həcmi 2022-ci ilin üçüncü rübündə pandemiyadan əvvəlki səviyyəyə qayıdacaq, həm də neft məhsullarına tələbat daha çox Asiya ölkələrinin hesabına artacaq.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bunu “BP Singapore” şirkətinin prezidenti Yucen Leonq (Eugene Leong) bildirib.

O deyib ki, neftə tələbatın 2020-ci ilin ikinci rübündəki minimum həddindən sonra dirçəlməsi göz qabağında olsa da, hələlik əvvəlki səviyyəyə qayıtmayıb. Neftə tələbatın bu ilin sonunadək və 2022-ci ildə də dirçəlməyə davam edəcəyi gözlənilir.

Onun fikrincə, neftə tələbatın gündəlik artımı 2021-ci ildəki 5,4 milyon barelə qarşı gələn il 3,8 milyon barel təşkil edəcək. OPEC+ ölkələrində hasilatın məhdudlaşdırılmasına və iqtisadiyyatın dirçəlməsinə əsasən neft və əksər neft məhsullarının ehtiyatları iyun ayınadək normal həcmə qayıdıb.

Çində neftə tələbatın bu il də 2020-ci ildəki 1,8 faizədək artacağı qeyd olunub. Ölkədə neft istehlakı qarşıdakı bir neçə il ərzində də artacaq. 2022-ci milin əvvəlində bir sıra yeni neftayırma müəssisənin işə salınacağı gözlənilir.

Şirkət prezidentinin sözlərinə görə, gələn il OPEC+ formatının hasilatı artıracağı üzündən dünyada gündəlik neft hasilatının artımı istehlakı 700 min barel üstələyəcək: “Dünyada enerjiyə tələbat sürətlə dəyişir, pandemiyanın nə zaman başa çatacağına dair müəmmalar da təbii ki, bazardakı dəyişkənliyə təsirsiz ötüşməyəcək”.