Bakı Limanının təşkilatçılığı ilə beynəlxalq təlimin açılışı olub

54

Bu gün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin, Antverp Beynəlxalq Limanının “APEC Beynəlxalq Təlim Mərkəzi” ilə birgə “Strateji planlama, biznesin inkişafı və marketinq” adlı master-klass təliminin açılışı baş tutub.

Bu barədə “Report” “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir.

Açılış mərasimində çıxış edən Bakı Limanının Baş direktoru Taleh Ziyadov bu ilin yanvar ayında Bakı Limanı ilə Antverp Limanı arasında insan kapitalının inkişafına dair Anlaşma Memorandumunun imzalandığını və ilk təlimin 16-20 avqust tarixlərində Belçika Krallığında keçirildiyini xatırladıb. Baş direktor artıq ikinci dəfə keçirilən bu təlimin yerli dövlət, özəl şirkətlərin nümayəndələri üçün unikal fürsət olduğunu, təlim iştirakçılarına Avropada geniş tətbiq edilən, ən müasir tələblərə cavab verən metodlar və biliklərin tədris ediləcəyini qeyd edib. Bu da onların gələcək fəaliyyətlərini daha effektiv şəkildə qurmasına imkan verəcək.

Tədbirə onlayn formada qatılan Antverp Beynəlxalq Limanının “APEC Liman Təlim Mərkəzi”nin Layihələr və Planlama üzrə Direktoru və İdarə Heyətinin üzvü Steffan Kassimon isə çıxışında, artıq Bakı Limanı ilə yaxşı əməkdaşlıq mühitinin formalaşdığını və belə layihələrin qarşılıqlı inkişaf baxımından faydalı olduğunu bildirib.

Eyni zamanda tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin bir sıra beynəlxalq təşkilatlarla yanaşı, Avropa İttifaqı ilə də sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir və bu il, Bakı Limanının Avropa Dəniz Limanları Təşkilatının (“European Sea Ports Organization” – ESPO) Liman Ətraf Mühitin Təhlili Sistemi (PERS) – “EcoPorts” sertifikatına növbəti dəfə layiq görülüb.

Qeyd edək ki, sözügedən təlim çərçivəsində gün müddətində Avropanın ikinci ən böyük limanı olan Antverp Limanının Biznesin İnkişafı üzrə Baş müşaviri cənab Niko Says ölkəmizin 16 dövlət və özəl şirkətlərinin korporativ idarəetmə, strateji planlama, biznesin inkişafı, təchizat zəncirinin idarə edilməsi, maliyyə cəlbi, marketinq, eləcə də kiçik və orta biznesin inkişafı üzrə məsul olan şəxslərinə interkativ formada təlim keçəcək.

Təlim zamanı Belçika Krallığının sənaye və texniki mərkəzləri ilə onlayn bağlantı qurulacaq və həmin mərkəzlərin rəhbər heyətlərinin mövzulara dair fikirləri öyrəniləcək, interaktiv olaraq 160-dan çox təlim vəsaitinin tətbiqi ilə müzakirələr ediləcək.

Master-klass təliminin sonunda, iştirakçılar üçün Bakı Limanına səfər təşkil ediləcək və Antverp Beynəlxalq Limanı “APEC Beynəlxalq Təlim Mərkəzi”nin rəsmi sertifikatı təqdim ediləcək.