Rusiyanın “LUKOİL” özəl şirkəti Xəzər dəizinin Azərbaycan sektorunda bp-nin operatoru olduğu Abşeron Yarımadasının Dayazsulu Hissəsi geoloji – kəşfiyyat layihəsində 25% pay alıb.
Bu gün günorta Bakıda yayılan bu xəbər bazar iştirakçıları üçün bir qədər gözlənilməz oldu. Baxmayaraq ki, Rusiya şirkətinin rəhbəri Vahid Ələkbərov ötən ildən bir neçə dəfə müsahibələrində Azərbaycandakı layihələrini genişləndirmək fikrini səsləndirsə də, çoxları bunu Azərbaycan və Türkmənistanın birgə layihəsi olan “Dostluq”da pay almaq niyyəti kimi qəbul edirdi. Və birdən “LUKOİL” şirkətinin Azərbaycanda kəşfiyyat layihəsinə qoşulması və onun operatorunun malik olduğu payın yarısını alması artıq sosial şəbəkələrdə müəyyən söz-söhbətlərə gətirib çıxarıb.
Ümumiyyətlə, cəmiyyətin müəyyən hissəsindəki təşvişləri aradan qaldırmaq və baş tutan sövdələşmənin detallarını aydınlaşdırmaq üçün bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə söhbətləşməyi qərara aldım:
– Nədən Abşeron Yarımadasının Dayazsulu Hissəsi layihəsindəki payınızın yarısını satmaq qərarına gəldiniz?
– Biz qərarlaşdırmışıq ki, bu layihədə 25% pay saxlayaq. Bu bizə imkan verəcək ki, öz investisiya potensialımızı Azərbaycanda bərabər bölüşdürək və strategiyamıza uyğun olaraq biznesimizin digər sahələrinə də əsaslı xərclər yönəldə bilək. Həm də biz, əvvəlki kimi, layihənin geoloji-kəşfiyyat dövrü üçün operator olaraq qalırıq. Bu da bizə layihədəki mühüm mövqeyimizi saxlamağa imkan verir və Azəri-Çıraq-Günəşli layihəsində (30,4%) və Şahdənizdəki (28,8%) iştirak mövqeyimizə də uyğundur.
– Bu sövdələşmənin dəyəri nə qədərdir?
– Sövdələşmənin kommersiya şərtləri açıq müzakirə olunmayacaq.
– Bu strukturun perspektivliyinə daha inanmırsınız?
– Biz hələ birinci kəşfiyyat quyusunu qazırıq və həmin quyunun nəticələrini gözləmək lazımdır, amma ilkin qiymətləndirmələrimizə əsasən inanırıq ki, AYDH layihəsi sanballı karbohidrogen hasilatı imkanıdır. Layihə həm də bizim Azərbaycanın uzunmüddətli enerji gələcəyini təmin etmək üçün yeni sahələr axtarmaq səylərimizi SOCAR-la və LUKOYL şirkəti ilə birləşdirmək imkanı verir. Biz AYDH dəniz bloku sahəsinin kəşfiyyatını davam etdirəcəyik. Bu bizim Azərbaycanla uzunmüddətli tərəfdaşlığımızın bir hissəsidir. AYDH layihəsinin kəşfiyyat dövrünün operatoru olaraq orada qazacağımız hər üç quyunun nəticələrinə ümidlə baxırıq. Nəticələr uğurlu olarsa, bu həm Azərbaycana, həm də bizim tərəfdaşlığımıza dəyərlər gətirəcək.
– Bu, Azərbaycandakı biznesinizi satmağa başlamağınızdan xəbər vermir ki?
– Qətiyyən yox! Biz Azərbaycanda ölkənin ən iri karbohidrogen hasılatı layihələrinin əməliyyatçısıyıq və burada dünyanın ən uğurlu tərəfdaşlıqlarından birini qurmuşuq. Bu regionda otuz ilə yaxındır ki, davam edən təhlükəsiz və etibarlı biznes fəaliyyətimizdən qürur duyuruq.
AYDH layihəsi də daxil olmaqla, Azərbaycandakı biznesimiz uzunmüddətli sabit gəlir gətirən dayanıqlı karbohidrogen layihələrinin gözəl nümunəsidir.
Bu layihələr bp üçün olduqca önəmlidir və yeni strategiyamızla tam uzlaşır.
Karbohidrogen layihələri şirkətimizin mühərriki kimi bizə strategiyamızı irəli aparmağa və yeni bizneslərin yaranmasına və artmasına imkan yaradır. Biz növbəti otuz ildə də burada əsas diqqətimizi dayanıqlı karbohidrogen hasilatı biznesinə yönəldərək həm Azərbaycan üçün, həm də bizə inteqrasiyalı enerji şirkətinə çevrilmək imkanı verəcək gəlirlər yaratmaqda davam edəcəyik.
– Azərbaycan, Gürcüstan və Türkiyə regionu üçün yeni investisiya və ya digər pay satma planlarınız varmı?
– Biz Azərbaycandakı öhdəliklərimizə sadiqik və hökumət və SOCAR-la qurduğumuz tərəfdaşlıqdan qürur duyuruq. Buradakı layihələrimiz bp-ni inteqrasiyalı enerji şirkətinə çevirmək səylərimizi dəstəkləyən gəlirlərin yaradılması üçün çox əhəmiyyətlidir.
Bu baxımdan, hazırda iştirakçısı olduğumuz Azəri-Çıraq-Günəşli, Şahdəniz və geoloji-kəşfiyyat layihələrinə gələcək investisiya planlarımız var.
Bundan başqa, Azərbaycanda diqqətimizi digər şaxəli enerji istehsalı imkanlarına yönəltmək niyyətindəyik. İnanırıq ki, burada yeni əməkdaşlıq sahələrinə keçmək üçün geniş imkanlar var və bununla da bp ölkənin enerji keçidinə mühüm töhfə verə bilər.
İlham Şaban
Caspian Barrel