Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsi ilə Asiyadan Avropaya fasiləsiz dəmir yolu bağlantısı təmin edildi.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.
Onun sözlərinə görə, bu xətt Pekindən Londona uzanan Orta dəhlizin və Qazaxıstandan Türkiyəyə uzanan “Dəmir İpək Yolu”nun ən strateji əlaqə nöqtəsi halına gəlib: “BTQ dəmir yolu yük daşımalarında yeni bir dövr başladıb”.
“BTQ dəmir yolu xətti Çin və Türkiyə arasında yük daşımalarının müddətini 1 aydan 12 günə endirib, Marmarayın bu xəttə inteqrasiyası ilə Şərqi Asiya və Qərbi Avropa arasındakı daşınma vaxtı 18 günə endirilib.
Bakı-Tbilisi-Qars xətti ilə bu günə qədər ümumilikdə 1 133 qatar, 20 min 819 vaqon və 1 milyon 290 min ton yük daşınıb”, – o bildirib.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.