Kaliforniyada ekoloji fəlakətin başlandığı yer müəyyənləşib

39

Kaliforniyanın Sakit Okean sahillərində boru kəmərinin zədələnməsinin mümkün yeri aşkarlanıb, yeni sızıntılar müəyyən edilməyib.

Bu barədə ABŞ Sahil Mühafizəsinin sözçüsü keçirdiyi mətbuat konfransında bəyan edib.

Hadisə ilə bağlı araşdırmalar davam edir. Bundan əvvəl düşünülürdü ki, boru kəmərini həmin ərazidə olan gəminin lövbəri zədələyib. Sahil mühafizəsi nümayəndəsi bu fikirlərə dair heç bir dəlilin olmadığını vurğulayıb.

Xatırladaq ki, oktyabrın 2-də ABŞ-ın Kaliforniya ştatının Orenc dairəsində “Amplify Energy” şirkətinin boru kəmərində baş verən nasazlıq səbəbindən 126 min galon neft (təxminən 477 min litr) Sakit okeana axıb. Ekoloji fəlakət artıq yerli faunaya təsir edib: sahildə ölü quşlar və balıqlar tapılıb.

Son məlumatlara görə, axıntı bölgəsində 20 min litrdən çox neft toplanıb, sahil xəttinin təxminən 1,6 kilometri təmizlənib. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam edir.