Amerika Gəmiçilik Bürosunun ASCO-nun Təlim Tədris Mərkəzində apardığı audit başa çatıb

264

Nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Təlim Tədris Mərkəzində apardığı növbəti audit yekunlaşıb.

İki gün davam edən audit Amerika Gəmiçilik Bürosunun Bakı ofisinin nümayəndəsi Ryan Salamati tərəfindən aparılıb.

Audit nəticəsində TTM-də təşkil olunan təlimlərin beynəlxalq idarəetmə standartlarına uyğunluğu təsdiqlənib. Nəticədə Təsnifat Cəmiyyəti TTM-ə sertifikat təqdim edib.

Bundan başqa, TTM-də daha iki yeni təlimin (“Gəminin yanalma və lövbər əməliyyatları”, “Gəmi və sahil matrosları üçün gəminin körpüyə və digər gəmiyə bağlanması və açılması əməliyyatları”) keçirilməsi də ABS tərəfindən sertifikatlaşdırılıb.

Qeyd edək ki, ASCO-nun Təlim Tədris Mərkəzində Dənizçilərin Sertifikatlaşdırılması üçün təlimlərin keçirilməsi, onların praktik məşqləri və qiymətləndirilməsi xidmətləri göstərilir. Mərkəz müasir auditoriyalardan ibarət olmaqla, həmçinin ən son model trenajor, üzgüçülük hovuzu və dənizçilik avadanlıqları ilə təchiz edilib.

asco.az