Beşinci dəfədir ki, dünyanın ən böyük gəmiqayırma zavodunun yaradılması ilə bağlı müqavilənin müddəti uzadılır.
“Seanews.az” xəbər verir ki, söhbət iki Koreya gəmiqayırma nəhənginin – “Hyundai Heavy Industries Group” və “Daewoo Shipbuilding & Marine Engineering” holdinqlərinin imkanlarının birləşdirilməsindən gedir.
“Hyundai Heavy Industries” (HHI) gəmiqayırma zavodları əsasında yaradılan Cənubi Koreya gəmiqayırma, sənaye və müdafiə qrupu “Korea Shipbuilding & Offshore Engineering” (KSOE), hələ də Koreyanın başqa bir gəmiqayırma holdinqi olan “Daewoo Shipbuilding & Marine Engineering” ( DSME) şirkətini almaqla bağlı işlərini başa çatdıra bilmir. Onların birləşməsi gəmiqayırma sahəsində yeni gəmi sifarişlərinin beşdə birini əldə edəcək dünya lideri yaradacaq (KSOE -nin bazar payının 21%-ə çatacağı gözlənilir).
2019-cu ilin mart ayında KSOE, 20 ildir kəskin maliyyə çatışmazlığı yaşayan “Daewoo Shipbuilding & Marine Engineering” şirkətinin səhmlərinin 55.72%-nin alınması ilə bağlı müqavilə bağlayıb.
Müqaviləni tamamlamaq üçün son tarix beşinci dəfə uzadılıb. Prosesin 2021-ci ilin sonuna qədər başa çatdırılacağı gözlənilir.