“Natəvan” gəmisi təmirdən sonra yenidən Xəzərdənkənar sulara yola salınıb

39

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Natəvan” universal quru yük gəmisinin tərsanə təmiri aparılıb.

Bu barədə “Report”a ASCO-dan məlumat verilib.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda həyata keçirilən təmir zamanı gəmidə gövdə qaynaq, boruquraşdırma, elektrik, ağac emalı işləri yerinə yetirilib. Gəmi üzrə mexanizmlərin, nasosların, braşpillərin və şpillərin təmiri aparılıb.

Bundan başqa, gəminin sualtı və suüstü hissəsi, göyərtələri, yük anbarlarının qapaqları təmizlənib və rənglənib.

Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və dənizçilərin ixtiyarına verilib.

“Natəvan” quru yük gəmisi yenidən Xəzərdənkənar sularda fəaliyyət üçün yola salınıb. Gəmi Türkmənistanın Bektaş limanından götürdüyü karbamid yükünü Bolqarıstanın Varna limanına aparacaq.

“Natəvan” gəmisi 2014-cü ildən Xəzərdənkənar sularda istismar olunur. Bu gəminin yükgötürmə qabiliyyəti 5200 ton, uzunluğu 108, eni 16,74 metridir.