Beyrut dəniz limanında partlayışa görə iki nazirin həbsinə order verilib

228

Beyrut dəniz limanında 4 avqust partlayışını araşdıran livanlı hakim Tarek Bitar çərşənbə axşamı günü sabiq maliyyə naziri Əli Həsən Xəlil barəsində həbs qərarı çıxarıb. “Əl-Cedid” telekanalının xəbər verdiyi kimi, Bitar sabiq nazirin təyin olunmuş gündə (12 oktyabr) dindirməyə gəlməməsindən sonra belə bir qərar verib.

“Seanews.az”-ın məlumatına görə, bundan əvvəl keçmiş nəqliyyat və ictimai işlər naziri Yusif Fenianosun həbsinə order verilmişdi. 2014-2020-ci illərdə dövlət vəzifələrində işləyən hər iki məmur “faciə və insan tələfatı ilə nəticələnən cinayət səhlənkarlığı”nda ittiham olunur.

Oktyabrın 6-da Livanın Baş naziri Nəcib Mikati vəzifəsindən asılı olmayaraq bütün vətəndaşlardan məhkəmə toxunulmazlığının götürülməsi haqqında qanun layihəsini imzalayaraq Deputatlar Palatasına təqdim edib. Baş nazirin sözlərinə görə, “bütün vətəndaşlar Beyrut dəniz limanında fövqəladə vəziyyəti araşdıran komissiyanın ilk tələbi ilə ifadə verməyə borcludurlar”.

Xatırladaq ki, 2020-ci il avqustun 4-də Beyrut dəniz limanında partlayış baş verib. Partlayış nəticəsində 219 nəfər həlak olub, 6,5 min nəfər yaralandı, 300 mindən çox vətəndaş evsiz qalıb. Livan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, partlayış qaynaq zamanı anbarda saxlanılan 2,7 min tondan çox ammonium nitratın alovlanması nəticəsində baş verib.