SON DƏQİQƏ: Türkiyə, Azərbaycan və Pakistan Egey və Aralıq dənizlərində hərbi təlimlərə başlayır

75

Yunanıstanın Fransa və ABŞ-la ikitərəfli hərbi əməkdaşlıq müqavilələri imzalaması, F-35 qırıcıları alması Egey və Aralıq dənizində gərginliyi artırır. Türkiyə isə Yunanıstanın silahlanmasına cavab olaraq öz ərazi sularında müttəfiqlərinin iştirakı ilə iki irimiqyaslı hərbi təlimlər keçirməyə hazırlaşır. Bu təlimlərdə Azərbaycanın da iştirakı gözlənilir.

“Nusret-2021” hərbi təlimləri oktyabrın 18-də Egey dənizinin şimalında keçiriləcək. “Şərqi Ağdəniz-2021” dəniz döyüş təlimlərinin isə noyabrın 1-də Aralıq dənizinin şərqində keçirilməsi planlaşdırılır.

“Nusret-2021” hərbi təlimlərinin Çanaqqala və Saros Körfəzi rayonunda keçiriləcəyi bildirilir. Bu təlimlərə Azərbaycan, Pakistan, Qətər, Liviya və Banqladeşlə yanaşı Ukrayna, Belçika və NATO-dan dəniz hərb elementləri cəlb olunacaq. Digər hərbi təlimlərdə isə Azərbaycan və Pakistan xüsusi təyinatlılarının iştirakı nəzərdə tutulur. Bu təlimlərə ABŞ özünün P-8 “Poseidon” kəşfiyyat təyyarəsini göndərəcək.

Xatırladaq ki, ötən aylarda Azərbaycan və Türkiyə silahlı qüvvələri bir-birinin ardınca birgə təlimlər keçiriblər. Habelə Azərbaycan, Türkiyə, Pakistan xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş-2021” təlimləri keçirilib.