Bakı Limanının yük dövriyyəsi 21% artıb

56

Bu ilin yanvar-sentyabr aylarında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) üzrə 4,298 milyon ton yük aşırılıb.

“Report” quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur.

9 aylıq yükaşırmanın 93%-ni tranzit yüklər təşkil edib.

Son 1 ildə ən çox artım quru yük aşırmalarında qeydə alınıb. Belə ki, limanda aşırılan quru yükün həcmi 69% artaraq 856 min ton olub. Yükün əsas hissəsini isə Türkmənistan mənşəli gübrə məhsulları təşkil edib.

Bundan başqa, hesabat dövründə limanda aşırılan neft və neft məhsullarının həcmi isə 3 dəfəyə yaxın artaraq 1 milyon tonu keçib.

İl ərzində konteynerlərin sayında da artım qeydə alınıb və bu rəqəm TEU ekvivalentində 30 774 olub.

Əvəzində liman vasitəsilə daşınan ağırtonnajlı nəqliyyat vasitələrinin (TIR) sayında və Bərə terminalının vaqon aşırılmasında qismən azalma qeydə alınıb. Bu rəqəmləre müvafiq olaraq 28 491 ədəd və 22 2021 ədəd olub.