“Çıraq” platformasında profilaktik işlər vaxtından əvvəl başa çatıb

234

“Çıraq” platformasında sentyabrnın 23-də başlamış 25 günlük profilaktik işlər 2 gün əvvəlcədən, yəni oktyabrın 16-da uğurla başa çatıb.

Bu barədə “Report”a “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Məlumata görə, proqram üzrə nəzərdə tutulmuş bütün işlər tam təhlükəsiz şəkildə icra olunub və platformanın hasilat və ixrac sistemləri işə salınmışdır. Hazırda hasilatın tədrici artırılması prosesi davam edir.

Xatırladırıq ki, planlaşdırılmış profilaktik işlər proqramına əsasən inspeksiya və təzələnmə işləri, o cümlədən məşəl uclarının dəyişdirilməsi, alışdırma sisteminin modernləşdirilməsi, ötürücü siyirtmələrin dəyişdirilməsi və vacib təmir işləri daxil idi. Proqramın iş həcminin əsas hissəsini həmçinin Çıraq qazlift layihəsinin yalnız platformanın dayandığı vaxt icra oluna bilən işləri təşkil edirdi.

Bu layihə Çırağın istismar ömrünün uzadılması, hasilatın gücləndirilməsi və platformada iş prosesinin daha təhlükəsiz və etibarlı şəkildə davam etməsi üçündür.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə bp-nin Xəzərdə əməliyyatçısı olduğu digər platformalarda və obyektlərdə də müntəzəm olaraq həyata keçirilir.