Geoloq alimlər Xəzər dənizində və sahilyanı zonadakı palçıq vulkanlarında tədqiqat aparırlar

134

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin əməkdaşları – aparıcı elmi işçi dosent Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov və böyük laborant Aygün Bayramova Xəzər dənizində və sahilə yaxın ərazidəki palçıq vulkanlarında tədqiqat aparırlar.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Bildirilib ki, məqsəd institutun doktorantı Aygün Bayramovanın dissertasiya işi ilə bağlı Xəzər dənizindəki Xərə-Zirə, Zənbil və Qarasu, eyni zamanda, sahilyanı zonadakı Hamamdağ, Bəndovan və Bahar kimi aktiv fəaliyyətdə olan palçıq vulkanlarının yer səthinə və atmosferə xaric etdikləri məhsulları (palçıq, su, neft və qaz) geoloji, mineraloji və geokimyəvi baxımdan tədqiq etmək, həmçinin vulkanların daxilində baş verən prosesləri, xüsusilə flüid-süxurun qarşılıqlı əlaqəsini müqayisəli şəkildə araşdırmaqdır.

GGİ əməkdaşlarının vulkan sahələrindən götürdükləri nümunələr üzərində analitik tədqiqatlar Avstriyanın Qrats Texnologiya Universitetində aparılacaq. Gənc doktorantın həmin müəssisəyə ezam olunması da planlaşdırılır.