Xəzəri birləşdirən kanallar

81

Qapalı hövzə olan Xəzər dənizində üzən gəmilərin dünya okeanına çıxması üçün süni kanallar tikilib. Bu kanallar Xəzər dənizini Atlantik okeanı və Şimal Buzlu okeanla əlaqələndirir.

Xəzər dənizindən Atlantik okeanının daxili dənizi olan Azov dənizinə çıxmaq üçün Volqa-Don kanalı, Baltik dənizinə çıxmaq üçün Volqa-Baltik kanalı, Şimal Buzlu okeana çıxmaq üçün isə Belamor-Baltik kanalı tikilib.

Xəzər dənizinin şimal hissəsi dayazdır. Burada orta dərinlik 4m, maksimal 25 m təşkil edir. Şimal hissənin sahillərini quruyan dayazlıqlar əhatə edir. Dayaz dəniz əraziləri sahildən 6-dan 30 milə, bəzi yerlərdə 40-50 milə çatır.

Dənizdən Volqa çayına giriş Volqa-Xəzər kanalı vasitəsilədir. Kanalın uzunluğu 95 mil, eni 100-120 metrdir.

Volqa-Xəzər gəmiçilik kanalı-Volqa çayının deltalarından birinin qolu olan Baxtemir çayının dərinsulu hissəsi ilə Xəzər dənizinin dərinsulu hissəsini birləşdirir. Kanal Volqa deltasının azsulu hissəsindən keçir.

Kanal dəniz gəmilərinə Baxtemir çayındakı Olya və Volqa çayındakı Həştərxan limanlarına daxil olmaq imkanı verir. Şlyuzu yoxdur.

Volqa-Don kanalı

Volqa-Don kanalının trassası Volqa çayından, Volqaqrad şəhərindən başlayır. Kanalın tikilməsi Azov-Don hövzələrinin birləşdirilməsini, Volqa və Don çayları ərazilərinin nəqliyyat əlaqələrini xeyli yaxşılaşdırdı.

Kanalın uzunluğu 101 km, eni 40-50 m-dir. Onun trassinda 100 müxtəlif qurğular, o cümlədən 13 ədəd şlyuz, nasos stansiyaları, suayırıcıları, su bəndləri, su anbarları, körpülər və digərləri, həmçinin kanalyanı avtomobil yolu mövcuddur.

Kanal Similyansk su anbarından qidalanır, buradan su 3 nasos stansiyası vasitəsi ilə suayırma byefinə verilir və sonra Volqa yoxuş ilə öz hərəkətiylə Volqa çayının çıxışına daxil olur. Ərazinin relyefinə uyğun olaraq kanal 3 sahəyə bölünür: Don yoxuşu (54m), gəmilər 4 şlyuzun köməyi ilə suayırıcı byefə qaldırılır. Buradan Volqa yoxuşuna daxil olurlar və 9 şlyuzun köməyi ilə Volqa çayı ilə birləşənə qədər endirilir. Kanalda ümumi sahəsi 84 kv m olan 3 su anbarı (Karpov, Bereslov, Varvara) yaradılıb. Bu, su anbarlarından gəmilərin yolu 45 km təşkil edir.

Kanalda gəmilərin yan alması üçün 10 körpü tikilib, onların əsas nəqliyyat vasitəsi Volqa və Don çayları arasında tranzit daşımalarını həyata keçirməkdir.

Kanalın eninə profilinin əsas xüsusiyyəti ondan ibarətdir ki, suayırıcında suyun səviyyəsi Volqa çayının səviyyəsindən 88 m və Don çayının səviyyəsindən 44 m yuxarıda yerləşir. Beləliklə, Volqa çayından gəmilər 9 şlyuz vasitəsi ilə qaldırılır, sonra 60 km məsafə qət edərək suayırıcına daxil olurlar. Gəmilərin endirilməsi 38 km məsafədə 4 şlyuz vasitəsi ilə yerinə yetirilir.

Volqa-Baltik kanalı

Kanal 1959-1964-cü illərdə inşa edilib və Volqa çayı hövzəsi su yollarının Baltik dənizi hövzəsinin su yollarını birləşdirmək üçün nəzərdə tutulub. Kanalın ümumi uzunluğu 368 km-dir. Onej gölündən Veteqri çayının mənsəbindən başlayır. Çay vadisi üzrə kanal uzanır və 5 şlyuz vasitəsilə 80. 2 m hündürlüyə qalxır. Sonra suayırıcı sahəyə daxil olur. Bu sahənin uzunluğu 262 km-dir. Buradan Rıbninsk su anbarına daxil olur. Kanalın yolunun böyük hissəsi su anbarından keçir (Viteqorsk, Beleusovsk, Novinkovsk, Şeksinsk). Kanalın trassı boyunca cəmi 7 şlyuz qurulub. Kanal boyu gəmilər üçün dərinlik 4 m təmin edilir.

Volqa-Baltik kanalı ilə hər naviqasiya müddətində on milyon tonlarla həm tranzit, həm də yerli xəttlər üzrə yük daşınır.

Kanalda ən böyük liman Çerepovetsdir. Bu limana daxil olan əsas yüklər: meşə, filiz, tikinti, neft və digər yüklər, daşınan yüklər: kömür, meşə, metal, maşın və mexanizmlər, buğda.

Kanalın yolunda həmçinin Belozersk və Biterqa limanları yerləşib.

Kanalda naviqasiya dekabr ayının ortalarından martın ortasına qədər kəsilir. Kanaldan çay gəmiləri və çay-dəniz tipli gəmilər istifadə edirlər.

1939-cu ildə kanaldan SSRİ Ali dəniz qüvvələrinin Baltik donanmasinda hərbi gəmilərinin bir hissəsi Şimal donanmasını komplektə etmək üçün keçmişdir.

Kanalla daşınan əsas yükləri meşə, meşə məhsulları, tikinti materialları və apatitlər təşkil edir.

Belamor-Baltik kanalı

1915-1916-ci illərdə kanalın trassı üzrə tədqiqat işləri başlayıb və 1919-1920-ci illərə qədər davam edib.

1931-ci ildə trassada torpaq işlərinə başlanılıb, iki ilə yaxın müddətdə tamamlanıb. Qeyd etmək lazımdır ki, kanalın trassı boyu iqlim şəraiti çətin olduğundan onun tikintisində əsasən məhkumların qüvvəsindən istifadə edilib. Bu zaman çoxsaylı insan ölümü olub. Kanal rekord müddətə – 20 aya inşa edillib, 1933-cü ildə istifadəyə verilib.

Kanal Ağ dənizin Belamorsk şəhərindən başlayır, uzunluğu 227 km təşkil edir. Ağ dənizlə Onejsk gölünün Poveney şəhərində qurtarır.  Ağ dənizlə Onejsk gölünün səviyyələri arasındakı 35 m fərq 19 şlyuz vasitəsi ilə aradan götürülür. Kanalın orta dərinliyi 5 m-dir. Svir çayında 1927-ci ildə inşa edilmiş hidroelektrostansiya kanalda suyun səviyyəsinin kəskin dəyişmələrini tənzimləyir.

Onejsk gölündən BBK kanalının trassı Svir çayından keçərək Ladojsk gölündəki Svirits şəhərinə daxil olur. Buradan Novologoysk kanalı başlayır və Neva çayı ilə Sankt-Peterburq şəhərinə çatır. Bu kanalın tikintisi nəticəsində Arxangelskdən S. Peterburqa qədər olan yol 1247 km qısadır. Bundan əlavə, Ağ dəniz Volqa çayı sistemi vasitəsilə Qara dənizlə Xəzər dəniziylə birləşmiş olur.

Samirə Gözəlova

ADDA-nın “Dəniz naviqasiyası” kafedrasının baş müəllimi