Bakı-Tbilisi-Ceyhan ilə dünya bazarlarına çıxarılan neftin həcmi AÇIQLANDI

62

2021-ci ilin ilk üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru xətti vasitəsilə ixrac olunmuş təqribən 19,6 milyon ton (təxminən 148 milyon barel) xam neft və kondensat Ceyhan terminalından 204 tankerə yüklənib və dünya bazarlarına çıxarılıb.

“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, 2020-ci ilin eyni dövrü ilə müqayisədə xam neft və kondensat həcmi 8,4 faiz az olub.

Ümumilikdə BTC ilə 2006-cı ilin iyun ayından 2021-ci ilin üçüncü rübünün sonunadək 495 milyon tondan çox (3,71 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4 863 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

2021-ci ilin üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə 96 milyon dollardan artıq, əsaslı xərclərə isə 22 milyon dollardan artıq vəsait sərf olunub. İllik müqayisədə əməliyyat xərcləri 43,3 faiz, əsaslı xərclər isə 10 faiz artıb.  

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

“BTC Ko”nun səhmdarları: BP (30,1 faiz); AzBTC (25 faiz); MOL (8,9 faiz); Ekvinor (8,71 faiz); TPAO (6,53 faiz); Eni (5 faiz); Total (5 faiz), İTOÇU (3,4 faiz); İNPEKS (2,5 faiz), EksonMobil (2,5 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.  

Nigar Məmmədova