SOCAR-ın İdarəsi Beynəlxalq Qazma Podratçıları Assosiasiyasına akkreditə olunub

51

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin qazma işi üzrə təlim proqramı Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) “WellSharp Drilling Operations” proqramı çərşivəsində təlimin ən yüksək pilləsi üzrə akkreditasiyadan keçib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, proqram dəniz və quru yataqlarında çalışan qazmaçıların hazırlanması və təkmilləşdirilməsi, habelə onların quyuətrafı sahələrdə yarana bilən risk və böhran vəziyyətlərinə hazırlıq səviyyəsinin təmin edilməsini nəzərdə tutur. “Qazma zamanı quyuda baş verən təzahürlərə nəzarət” (Well Control) təlim kursuna dair sənədlər toplusu və prosedurlar bu il avqustun 6-da baş ofisi ABŞ-ın Texas ştatında, Hyuston şəhərində yerləşən IADC-yə təqdim edilib. Materiallar IADC-nin daxili yoxlama, texniki ekspertiza, keyfiyyət təminatı heyəti tərəfindən qiymətləndirilmiş və SOCAR-ın qazma üzrə təlim proqramının bütün səviyyələri akkreditə olunub.

“Qazma zamanı quyuda baş verən təzahürlərə nəzarət” kursu üzrə “Qazmaçı” və “Nəzarətçi” kimi mürəkkəb səviyyələr üzrə təlimlər həyata keçirilir. Təlim proqramının effektivliyini təmin etmək üçün aidiyyəti təlim mərkəzində qazma üzrə portativ simulyator quraşdırılmış və konfiqurasiya edilmişdir. Eləcə də müvafiq tədris proqramları və prosedurları sözügedən səviyyələrə uyğunlaşdırılmış, qazma sahəsində təlimçi-instruktorlardan ibarət qrupun formalaşdırılmasına başlanılıb.

Qeyd edək ki, SOCAR cari ilin iyun ayında bu proqramın ilkin (Introductory) səviyyəsinin tədrisi həyata keçirilmiş və SOCAR-ın müxtəlif müəssisələrini təmsil edən 10 nəfər dinləyici 2021-ci il iyulun 1-də təlim kursunu uğurla başa vuraraq beynəlxalq səviyyədə tanınan sertifikatlara layiq görülüb. Təlimdə iştirak etmək istəyən şəxslər SOCAR-ın rəsmi saytı üzərindən müraciət edə bilərlər.