Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyində 8 noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.Tədbir torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başladı.Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov çıxışında Agentlik işçilərini Zəfər Günü münasibətilə təbrik edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etməsinin xalqımızın qürur mənbəyi olduğunu bildirdi. Qələbənin dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb etdiyini qeyd edən natiq bu zəfəri bizə yaşadanlara təşəkkürünü bildirdi.Tədbirdə qeyd edildi ki, indi qarşımızda duran vəzifə işğaldan azad olunmuş ərazilərimizin bərpası və məcburi köçkünlərimizin doğma torpaqlarına qaytarılmasıdır. Bu xüsusda cənab Prezidentin tapşırığına uyğun olaraq bu istiqamətdə aparılan işlərdən hər bir azərbaycanlının qürur duyduğu bildirildi.“Gələcəkdə ölkəmizə qarşı baş verə biləcək təxribatlara, xalqımızın üzləşə biləcəyi təhdidlərə qarşı ən yaxşı mübarizə yolu müzəffər Ali Baş Komandan ətrafındakı birliyimizi daha da möhkəmlətmək və daha qüdrətli Azərbaycan uğrunda səylərimizi əsirgəməməkdir”, – deyə vurğulandı. Sonda tədbir iştirakçıları Vətən müharibəsinə həsr edilmiş qısa filmi izləyiblər.



