Yaponiya və Almaniyanın hərbi-dəniz qüvvələri Sakit okeanda birgə təlimlərə başlayıblar

54

Noyabrın 4-də Yaponiya və Almaniyanın hərbi-dəniz qüvvələri Sakit okeanda birgə təlimlərə başlayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya özünümüdafiə qüvvələrinin dəniz komandanlığı məlumat yayıb. Məlumatda bildirilib ki, ikigünlük təlimlərdə Almaniya tərəfdən “Bavariya” hərbi freqatı iştirak edir. Bu, son 20 ildə alman hərbi gəmisinin Yaponiyaya ilk gəlişidir.

Yaponiyanın müdafiə naziri Nobuo Kişidanın gəmini noyabrın 5-də ziyarət edəcəyi gözlənilir. Yaponiya tərəfdən isə təlimlərdə “Samidare” esminesi iştirak edir.

Qeyd edək ki, “Bavariya” hərbi gəmisi avqustun 2-dən Hind-Sakit okean regionuna uzun müddətli səfərə gəlib. Səfərin məqsədinin Yaponiya, Avstraliya və Cənubi Koreya ilə hərbi əməkdaşlığı gücləndirmək olduğu bildirilir.

Cari ilin aprelində Almaniya hökuməti Asiyada təhlükəsizliyin artırılması ilə əlaqədar siyasətini fəallaşdıracağını elan edib. Bu zaman Yaponiya ilə birgə fəaliyyətin əlaqələndirilməsinə xüsusi diqqət yetiriləcəyi də qeyd olunub.

Almaniyanın müdafiə naziri ölkəsinin Hind-Sakit okean regionda şəffaf, hərtərəfli və mövcud qaydaların təmin olunmasını dəstəklədiyini bildirib.