Beynəlxalq Dəniz Təşkilatı gəmiçilik üçün yeni vergi tətbiq edə bilər

75

BMT çərçivəsində gəmiçilik sənayesini tənzimləyən Beynəlxalq Dəniz Təşkilatı (IMO) dəniz nəqliyyatına yeni vergi tətbiq etmək ideyası üzərində işləyir.

“Report” xəbər verir ki, bu barədə cümə günü The Wall Street Journal məlumat yayıb.

Məlumata görə, yeni vergi alternativ yanacaqla işləyən gəmilər üçün qlobal yanacaqdoldurma stansiyaları şəbəkəsinin yaradılmasını maliyyələşdirməyə kömək etmək, həmçinin sənayedə yüksək ixrac xərcləri ilə üzləşən inkişaf etməkdə olan ölkələrə subsidiyaları təşviq etmək məqsədi daşıyır.

Təşkilat gəminin buraxdığı hər metrik ton karbon qazına görə 100 ABŞ dolları tələb etməyi təklif edir. Dünya Bankının sentyabrda IMO-ya təqdim etdiyi layihəyə görə, bu ödəmələr 30 il ərzində təxminən 1 trilyon dollar cəlb etməyə imkan verəcək.

Qəzetin yazdığına görə, IMO iri yükdaşıma şirkətlərinin sahibləri və yerli hökumətlər tərəfindən istixana qazlarının tullantılarının azaldılması üzrə tədbirlərin gücləndirilməsi ilə əlaqədar təzyiq altındadır. Eyni zamanda, təşkilatın baş katibi Kitak Lim vurğulayır ki, sənayenin yaşıllaşdırılması üçün maliyyə vəsaiti olmadan demək olar ki, heç nə etmək mümkün deyil.