Döyüşlərə həm də komandirinin qisasını almağa atılan cəsur dənizçi

63

Qələbə ilə bitən Vətən müharibəsində qəhrəmanlıqları ilə tarixdə qalacaq igid əsgər və zabitlərimiz arasında olan dənizçilərlə sizi tanış etməkdə davam edirik.

1999-cu il təvəllüdlü Ramiz Elxan oğlu Əmirov məktəbi bitirdikdən sonra hara qəbul olunmaq barədə çox götür-qoy etməyib. Çünki uşaqlıdan ürəyindən dənizçi olmaq keçib. Elə bu istək də onu Azərbaycan Dövlət Dəniz Akademiyasına gətirib. 2016-cı ildə “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasına qəbul olub.

2020-ci ildə ADDA-nı bitirən Ramiz hərbi xidmətə yollanıb. Bu gün də sevinir ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda haqq savaşında iştirak etmək onun da qismətinə yazılıb.

44 günlük Vətən müharibəsində Füzulidən başlayan döyüş yolu sonradan Cəbrayıl, Hadrut, Xocavənd və Laçında davam edib. 7 nəfərdən ibarət tağımlarının heç bir döyüşü asan olmayıb. Buna baxmayaraq, “Qırmızı bazar” deyilən ərazi uğrunda gedən döyüşlərdə iştirakını xüsusi ilə xatırlayır.

Ramizin xatirələrindən: “Baş leytenant Emil Əsədov təkcə komandirimiz deyildi, həm də böyük qardaşımız idi. Şəxsi nümunəsi ilə bizi qələbəyə ruhlandırırdı. Düşməndən qat-qat güclü olduğumuza da, evə Qələbə ilə qayıdacağımıza da bizi necə inandırmışdısa, döyüşlərdə düşmənə göz açmağa imkan vermirdik. Təəssüf ki, xalqımızın bu igid oğlunun özünə Qələbəni görmək qismət olmadı. Ağır döyüşlərin birində qəhrəmancasına şəhid oldu. Emil Əsədov şəhadətə qovuşandan sonra döyüşlərə digər şəhidlərimizlə yanaşı, həm də onun – qardaş saydığımız komandirimizin qisasını almağa atılırdıq. Aldıq da!”

Ramiz Əmirov əmindir ki, xalqımız müstəqil Azərbaycanın bütövlüyü uğrunda canından keçənləri heç zaman unutmayacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Ramiz Elxan oğlu Əmirov “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

seanews.az