Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaların həcmini artırmağı planlaşdırır

301

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yük daşımalarının həcmi 1 milyon 360 min tonu ötüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ankara BTQ ilə yükdaşımaların həcmini ortamüddətli perspektivdə ildə 3,2 milyon, uzunmüddətli perspektivdə isə 6,5 milyon tona çatdırmağı planlaşdırır.

A.Karaismailoğlu qeyd edib ki, BTQ sayəsində Türkiyə, Gürcüstan və Azərbaycanın beynəlxalq yükdaşımalarda və ticarətdə əhəmiyyəti artıb.

“BTQ dəmir yolu və Mərmərə tuneli sayəsində Pekindən Londona dəmir yolu marşrutu formalaşıb. BTQ Türkiyədən Gürcüstan, Azərbaycan, Rusiya, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Çinə yüklərin dəmir yolu ilə çatdırılmasına icazə verir”, – A.Karaismailoğlu vurğulayıb.

Nazir əlavə edib ki, Ankara BTQ vasitəsilə Çin-Türkiyə marşrutu üzrə qısa müddətdə 100, orta müddətdə isə 200 yük qatarının hərəkətini təmin etməyi qarşısına məqsəd qoyub. Uzunmüddətli perspektivdə bu rəqəm ildə 1 500 qatara çata bilər və bununla da Çin ilə Türkiyə arasında malların çatdırılma müddəti 10 günə enəcək.

Qeyd edək ki, BTQ dəmir yolu 2017-ci il oktyabrın 30-da istifadəyə verilib. Dəmir yolunun uzunluğu 829 km-dir ki, bunun 504 km-i Azərbaycan, 246 km-i Gürcüstan, 79 km-i isə Türkiyə ərazisindən keçir.