Bernard Luni: “BP Azərbaycanla uzunmüddətli tərəfdaşlıq öhdəliyinə sadiqdir”

272

BP şirkətinin baş icraçı direktoru Bernard Luni Azərbaycanda ikigünlük səfərdədir. Bu, planlaşdırılmış işgüzar səfərdir.

“Report” xəbər veri ki, bu barədə “BP-Azerbaijan”ın açıqlamasında qeyd edilir.

Bildirilir ki, səfər proqramında nəzərdə tutulduğu kimi, bu gün səhər B.Luni Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib və görüşdə BP-nin Xəzər regionunda əsas biznes fəaliyyəti olan neft və qaz layihələri çərçivəsində görülən işləri müzakirə edib.

Görüş zamanı B.Luni həmçinin BP-nin Azərbaycanla uzunmüddətli tərəfdaşlıq öhdəliyinə sadiq olduğunu bir daha vurğulamış, görüləcək işlər və planlar haqqında məlumat verib, BP-nin Azərbaycanda və regionda bərpa olunan enerji layihələri də daxil olmaqla, enerji keçidi sahəsində yeni əməkdaşlıq imkanları axtarmaq niyyətini açıqlayıb.

B.Luni bu gün həmçinin SOCAR-ın prezidenti cənab Rövnəq Abdullayevlə də görüşüb.

Səfər çərçivəsində B.Luni bir sıra digər görüşlər, o cümlədən BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionundakı bütün işçi heyəti ilə onlayn görüş keçirməyi planlaşdırır.

Sabah isə B.Luni Azəri-Mərkəzi-Şərqi (ACE) platformasının üst modullarının istehsal-quraşdırma işlərinin aparıldığı tikinti sahəsinə baş çəkəcək. ACE layihəsi Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsinin növbəti mərhələsidir. Hazırda layihənin icrası üzrə işlər ümumilikdə 60 % tamamlanıb və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5 500 nəfər insan cəlb olunub. ACE-dən ilk hasilatın 2023-cü ildə əldə edilməsi planlaşdırılır.