Dövlət Sərhəd Xidməti (DSX) Xəzər dənizində Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi və sərhədboyu rejimin təmin edilməsi üzrə tədbirləri davam etdirir.
“Report” xəbər verir ki, Baş Prokurorluq və DSX-nin birgə yaydığı məlumata görə, son günlər ərzində Sahil Mühafizənin sahil nəzarəti bölmələri Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitələrinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kq 630 qram olan nərə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7 halda 7096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkar edib.
Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər şəxs saxlanılıb, onlardan 12 nəfərin Şabran, 4 nəfərin Xaçmaz, 2 nəfərin Siyəzən, 2 nəfərin Neftçala rayon sakinləri olmaları müəyyən edilib.
Qeyd edilən hüquq pozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunmaları üçün Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindənmüvafiq tədbirlər həyata keçirilir.