Vətən müharibəsi iştirakçısı Yusif Dmitriyeviç Spasyuk – VİDEO

54

İkinci Qarabağ savaşında doğma torpaqlarımız uğrunda canından keçməyə hazır olan cəsur gənclərimizdən biri də Yusif Spasyuk idi. Mətin Ali Baş Komandanın rəhbərliyi altında qəhrəmanlıq tarixi yazan yenilməz Ordumuz işğal altında olan torpaqlarımızı qarış-qarış azad etdikcə, o, həm də Odlar yurdunun övladı olması ilə fəxr edirdi.

Yusif Dmitriyeviç Spasyuk 1996-cı il fevralın 21-də Bakı çəhərində dünyaya göz açıb. Nizami rayonundakı 220 nömrəli liseydə təhsil alıb. 2016-cı ildə Bakı Texniki Kolleci bitirib. 2016-2018-ci illərdə Azərbaycan Ordusu sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ilin oktyabrından “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda tornaçı işləyir. İkinci Qarabağ savaşı başlayanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə müraciət edərək könüllü cəbhəyə getmək istədiyini bildirib. Əvvəlcə həmlə taborunda sıravi əsgər, sonra kəşfiyyatçı kimi təlim keçib. Döyüş tapşırıqlarını həmişə dəqiq yerinə yetirib. -Cəbhəyə könüllü yola düşən bütün gənclərin bir arzusu var idi, – deyir Yusif Spasyuk.

– Vətən qarşısında övladlıq borcunu layiqincə yerinə yetirmək və haqq savaşımızda xalqımıza çoxdan gözlədiyi Qələbə sevinci yaşadanların sırasında olmaq! Həqiqətə kor olmuş dünya gücləri, ermənipərəst dairələr haqq-ədalətin zəfər çala bilməməsi üçün çox çalışdılar, müxtəlif vasitələrlə mane oldular. Amma heç nə müstəqil Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə söz verən müdrik dövlət başçımız cənab İlham Əliyevi qətiyyətindən döndərə bilmədi. Dahi sərkərdənin rəhbərliyi ilə rəşadətli Ordumuz çiyninə düşən vəzifəni şərəflə yerinə yetirdi. Uca Yaradan bizi dünyada qalib xalq kimi tanıdan Ali Baş Komandanımızı, Azərbaycan xalqını və şanlı Ordumuzu qorusun!

seanews.az