Yaponiya və ABŞ ilk dəfə Cənubi Çin dənizində sualtı qayığın iştirakı ilə təlimlər keçiriblər

55

Yaponiya və ABŞ Cənubi Çin dənizində ilk dəfə sualtı qayıqlara qarşı əməliyyatı nəzərdə tutan təlimlər keçiriblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb. Yaponiya tərəfdən təlimlərdə “Kaqa” helikopter daşıyanı, “Murasame” esminesi, P-1 patrul təyyarəsi və sualtı qayıq, ABŞ tərəfdən isə bir esmines və P-8A sualtı qayıqlara qarşı patrul təyyarəsi iştirak edib.

Bu, Yaponiyanın Cənubi Çin dənizinə ABŞ ilə təlimlərə sualtı qayığı göndərdiyi ilk haldır. NHK telekanalının bildirdiyinə görə, bu addımın atılmasında məqsəd regionda status–kvonun dəyişdirilməsi cəhdlərinin qarşısının alınmasıdır.

Əlavə olaraq qeyd edək ki, Cənub Çin dənizində yerləşən Spratli və Parasel adaları bu ərazidə ciddi ərazi münaqişələrinə səbəb olub. Region ölkələrinin əksəriyyəti bu əraziyə iddialıdırlar. Həmin ərazi əlverişli strateji mövqeyə malik olmaqla yanaşı, burada böyük neft yataqlarının olduğu da ehtimal edilir.