Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş direktorluğunun bölmə rəhbəri David Kullenin başçılıq etdiyi nümayəndə heyəti Bakı Limanında olub

60

Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş direktorluğunun bölmə rəhbəri David Kullenin başçılıq etdiyi nümayəndə heyəti bu gün Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında olub. Qonaqları salamlayan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov bildirib ki, müasir infrastrukturu, yükaşırma qabiliyyəti və yerləşmə mövqeyinə görə Bakı Limanı, Avropa və Asiya arasında vacib nəqliyyat məntəqəsi rolunu oynayır, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Middle Corridor – Orta Dəhliz) inkişafı və təşviqində fəal rol oynayır. Qeyd edib ki, Liman Avropa İttifaqı ilə yaxından əməkdaşlıq edir və 2016-ci ildən bu günə kimi 5 TAIEX və 3 uzunmüddətli texniki yardım layihələri icra olunub. Bu çərçivədə rəqəmsallaşma, liman əməliyyatları, menecment, insan resursları, Limanda Regional Təlim Mərkəzinin yaradılması, əməyin və ətraf mühitin qorunması, ictimaiyyətlə əlaqələr üzrə avropalı tərəfdaşlarla təcrübə mübadiləsi aparılmaqdadır. Avropa İnvestisya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və bununla yanaşı Avropanın bir sıra beynəlxalq maliyyə instutularının nümayəndələrinin iştirak etdiyi görüşdə Baş direktor diqqətə çatdırıb ki, Bakı Limanı ilk dəfə 2019-cu ildə və bu il yenidən Avropa Dəniz Limanları Təşkilatının “EcoPorts” sertifikatına layiq görülüb. Qeyd edib ki, bununla da Bakı Limanı Xəzərdə “Yaşıl Liman” statusunu qazanan ilk, Avropada isə belə status almış 30 limandan biridir. Baş direktor Bakı Limanının Avropa şirkətləri ilə təhsil və təcrübə mübadiləsi sahəsində də iş birliyi qurduğunu bildirib. Qeyd olunub ki, Belçikanın Antverp Limanının “APEC Liman Təlim Mərkəzi”, Niderlandın Fontis Tətbiqi Elmlər Universiteti, Qilde İnstitutu və regionun aparıcı logistika şirkəti “Cabooter Group” arasında Anlaşma Memorandumu imzalanıb. Bu Memoranduma əsasən Bakı Limanı və Azərbaycanın logistika sahəsində fəaliyyət göstərən şirkət nümayəndələri və ya ümumiyyətlə nəqliyyat, ticarət və logistika sahəsində çalışmaq istəyən şəxslər qeyd olunan ölkələrdə qısa və uzun müddətli təlim-tədris proqramına cəlb edilirlər.

Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş direktorluğunun bölmə rəhbəri David Kullen, Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko “Yaşıl Liman” statusu qazanmış Bakı Limanının iqtisadi və investisiya planının bir nömrəli flaqman layihəsi kimi böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Daha sonra qonaqlara Bakı Limanının tarixi, bu günündən bəhs edən kitab və milli ornamentlərlə hazırlanan hədiyyələr təqdim edilib.

Bundan sonra nümayəndə heyəti Bakı Limanının terminalların iş prinsipi ilə yerində tanış olub və onların iş prosesi ilə bağlı sualları cavablandırılıb. Sonda xatirə şəkli çəkilib.