ABŞ kəşfiyyatı Çinin BƏƏ limanında hərbi obyekt tikdiyini müəyyən edib

336

ABŞ kəşfiyyatı Çinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidən 80 kilometr şimalda yerləşən Xəlifə limanında hərbi obyekt tikdiyini müəyyən edib.

Trend xəbər verir ki, bu barədə The Wall Street Journal məlumatlı mənbələrə istinadən yazır.

Qeyd olunur ki, təxminən bir il əvvəl ABŞ hakimiyyəti Çin logistika şirkəti COSCO Shipping-in əvvəllər konteyner terminalı tikdiyi Xəlifə limanında ÇXR-in aktivliyi ilə bağlı kəşfiyyat məlumatları almağa başlayıb. Bu ilin yazında ABŞ tikinti sahəsinin peyk görüntülərini əldə edərək belə qənaətə gəlib ki, Çin BƏƏ limanında hərbi obyekt tikir.

Sentyabr ayında BƏƏ-yə səfəri zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və MTX-nin Yaxın Şərq üzrə koordinatoru Brett Makqurk Çinin Xəlifə limanındakı fəaliyyəti ilə bağlı ABŞ kəşfiyyatının məlumatlarını ölkə rəhbərliyinə təqdim ediblər. BƏƏ hökuməti ÇXR-in limanda tikdiyi obyekt hərbi təyinatlı olduğunu bilməyib. “BƏƏ-nin ölkədə Çin hərbi bazası və ya hər hansı bir forpost yerləşdirməklə bağlı razılaşma planı olmayıb”, – deyə Vaşinqtondakı səfirliyin nümayəndəsi bildirib.

ABŞ rəsmiləri bu yaxınlarda tikinti sahəsinə baxış keçiriblər və onların fikrincə, iş dayandırılıb.