Dövlət Dəniz və Liman Agentliyində Avstriya nümayəndə heyəti ilə görüş keçirilib.

60

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyində Avstriya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin müavini, konsul Gerhard Lutz, ölkəmizdə səfərdə olan Avstriyanın “Frequentis AG” şirkətinin korporativ inkişaf məsələləri üzrə vitse-prezidenti Bernd Novak və Avstriya İqtisadiyyat Palatasının Azərbaycanda Nümayəndəliyinin rəhbəri Sabir Məmmədovdan ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov Azərbaycan Respublikasının ərazi sularında və liman akvatoriyalarında dəniz üzgüçülüyünün təhlükəsizlik sisteminin təşkil olunması, gəmilərin hərəkətinin idarə edilməsi, axtarış və xilasetmə, Azərbaycan Respublikasının ərazisində quraşdırılmış dəniz naviqasiya avadanlıqları və qurğuları, dəniz üzgüçülüyü məqsədləri üçün istifadə edilən dəniz ərazilərində naviqasiya təminatının həyata keçirilməsi ilə əlaqədar görülmüş işlər barədə məlumat verib.

Daha sonra Avstriyanın “Frequentis AG” şirkətinin korporativ inkişaf məsələləri üzrə vitse-prezidenti Bernd Novak tərəfindən sözügedən şirkətin həyata keçirdiyi layihələr barədə təqdimat keçirilib.

Eyni zamanda nümayəndə heyəti Agentlik tərəfindən dənizdə üzən gəmilərin müşahidə edilməsi üçün yaradılmış Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi ilə tanış olublar.

Görüş çərçivəsində Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin təkmilləşdirilməsi istiqamətində “Frequentis AG” şirkəti ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

ardda.gov.az