Haynanda ilk LNG yanacaqdoldurma məntəqəsi açılıb

153

Çinin ilk mayeləşdirilmiş təbii qaz (LNG) yanacaqdoldurma məntəqəsi Haynan əyalətində istifadəyə verilib. “Hainan Daily” qəzetinin yazdığına görə, yeni infrastruktur adanın şimalındakı Çenmay qraflığının Matsun limanında yerləşir və Çin Milli Neft və Qaz Dəniz Korporasiyasının (CNOOC) gəmilərinə xidmət göstərəcək.

“Seanews.az” xəbər verir ki, yanacaqdoldurma məntəqəsi CNOOC-in bölmələrindən biri tərəfindən tikilib. Bu stansiya gəmiləri ildə cəmi 25 min ton LNG ilə təchiz edə bilir.

CNOOC-un Enerji İqtisadiyyatı Tədqiqat İnstitutunun Məsləhət və Qiymətləndirmə Mərkəzinin direktoru Vey Hyanın sözlərinə görə, Matsun limanında gəmi əsaslı LNG yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi sənayenin gələcəyi üçün möhkəm zəmin yaratdı. LNG ilə işləyən gəmilərin tətbiqi kükürd və azot oksidlərinin tullantılarını effektiv şəkildə azalda bilər ki, bu da Haynan və Cənubi Çin dənizində ətraf mühitin qorunmasına müsbət təsir göstərəcək. Stansiya bu il martın 15-dən sınaq rejimində işə başlayıb. O vaxtdan bəri gəmilərə 12 dəfə uğurla yanacaq vurulub. Gələcəkdə bu yanacaqdoldurma məntəqəsi LNG ilə işləyən CNOOC gəmilərinə xidmət göstərəcək.

Çinin Milli Neft və Qaz Dəniz Korporasiyası Haynanda LNG yanacaqdoldurma məntəqələri şəbəkəsi inşa etməyi planlaşdırır. Şirkət yerli gəmilərin dizeldən təbii qaza keçidini asanlaşdırmaq istəyir. Haynan ətraf mühitin qorunmasına və dayanıqlı nəqliyyatın inkişafına daha çox diqqət yetirir.