Asiya dünyanın ticarət gəmilərini işçi qüvvəsi ilə təmin edən ən böyük regionudur.
“Seanews.az”-ın məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransında (UNCTAD) açıqlanan dəniz nəqliyyatı və əmək bazarında vəziyyətin icmalında belə deyilir.
Donanmanın komandir heyəti və sıravi işçilərlə təmin edilməsində Filippin liderdir. Rusiya ikinci yerdədir. Sonrakı yerlər aşağıdakı kimi bölünür: İndoneziya komandir heyəti üzvlərinin sayına görə beşinci, sıravi işçilərin sayına görə üçüncü yerdə, Çin komandir heyəti üzvlərinin sayına görə üçüncü, sıravi işçilərin sayına görə dördüncü yerdə, Hindistan komandir heyəti üzvlərinin sayına görə dördüncü, sıravi işçilərin sayına görə isə beşinci yerdədir.
İcmalda bildirilir ki, Asiya dəniz biznesi və ticarəti sahəsində liderliyini uğurla genişləndirib və bu il dünya ticarət donanmasını işçi qüvvəsi ilə təmin edən ilk beş ölkədən dördü məhz Asiya ölkələri olub.
İcmalda həmçinin pandemiya və onun dənizçilərin rifahına təsirindən söz açılır. Böhranın pik nöqtəsində yüz minlərlə heyət üzvü əmək müqavilələrini vaxtında başa çatdıra, eyni sayda işçi isə həmkarlarını əvəz edə bilmədi. Hazırda ümumi vəziyyət yaxşılaşsa da, davam edən pandemiya səbəbindən hələ də çoxlu problemlər var. Bununla bağlı donanmanı işçi qüvvəsi ilə təmin edən dövlətlər beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək heyət dəyişikliyi böhranına dərhal diqqət yetirməli və buna son qoymalıdırlar.