Qərbi Avstraliya ştatı (Avstraliya) Avropaya “yaşıl” hidrogen ixracını genişləndirmək üçün Rotterdam limanı ilə anlaşma memorandumu imzalayıb. Hollandiya hökumətinin strategiyasına uyğun olaraq, liman Avropaya hidrogen idxalı üçün əsas mərkəzə çevrilir.
“Seanews.az” xəbər verir ki, müqavilə Avstraliya hökumətinin Qərbi Avstraliyada və Rotterdam limanında apardığı işlərə əsaslanır və bir sıra əməkdaşlıq sahələrini əhatə edir.
Tərəflər Qərbi Avstraliya ilə Rotterdam limanı arasında “yaşıl” hidrogenin (bərpa olunan enerji mənbələrindən alınan elektrik enerjisindən istifadə etməklə istehsal olunur) ixrac tədarük zəncirini öyrənmək üçün birgə işləyəcəklər. İxrac zəncirinə “yaşıl” hidrogenin istehsalı, saxlanması, daşınması və istifadəsi daxildir.
Ştat hökuməti və Rotterdam limanı siyasət, tənzimləmə və texnologiya sahəsində təcrübə mübadiləsini asanlaşdırmaq üçün də əməkdaşlıq edəcəklər.
Ştatda bərpa olunan hidrogen istehsalı sənayesinin inkişafını dəstəkləmək üçün isə artıq 160 milyon Avstraliya dolları ayırılıb.
“Hazırda Avropa İttifaqının ümumi enerji tələbatının 13%-i Rotterdam limanı vasitəsilə Aİ-yə daxil olur. Biz tədricən karbohidrogen enerji mənbələrindən yaşıl enerjiyə keçəcəyik. Hesab edirik ki, 2050-ci ilə qədər Rotterdam hər il 20 milyon ton hidrogen emal edəcək ki, bunun da 90%-i idxaldan gələcək. Rotterdam limanı yeni beynəlxalq hidrogen tədarük zəncirlərinin inkişafına təkan verməklə bu enerji keçidini fəal şəkildə asanlaşdırmağa çalışır”,- deyə Liman administrasiyasının baş direktoru Allard Kastelein söyləyib.