Azərbaycan ərazisi ilə daşınan beynəlxalq yüklərin həcminin artması gözlənilir

339

“Dünyada dənizlə yük daşınmasının bahalaşması Azərbaycanın beynəlxalq daşımalardakı rolunu artırıb, hazırda ölkəmizin yük dövriyyəsində artım müşahidə edilir. Bu tendensiya bundan sonra da davam edəcək”.

Bunu “Report”a açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin departament rəisi Xudayar Həsənli bildirib.

Onun sözlərinə görə, daşıyıcı şirkətlərin böyük əksəriyyəti ənənəvi istiqamətlərə üstünlük versə də, daşımalarda hər hansı problem yarandığı təqdirdə Azərbaycan istiqamətinə üz tuturlar.

“Hazırda logistika şirkətləri quru yolla, daha dəqiq desək, dəmir yolu ilə yük daşınmasına üstünlük verirlər: “Bu yüklər Türkiyə və Gürcüstan daxil olmaqla Qara dəniz hövzəsi ölkələrinin ərazisindən, həmçinin bizim ərazimizdən keçir. Yəni yüklər Çindən dəmir yolu ilə Qazaxıstanın Aktau limanına gəlir, oradan Bakı Limanına gətirilir, buradan isə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Gürcüstana və Türkiyəyə göndərilir. Şirkətlər bu xəttin stabil işlədiyini görür və bundan sonra ona üstünlük verəcək. Sözügedən marşrutla Avropaya yüklər aparılıb və uzunmüddətli dövrdə onların stabil daşınması nəzərdə tutulur”, – deyə liman rəsmisi qeyd edib.