Cənubi Koreya yeni gəmilərin tikintisi üçün sifarişlərin cəlb edilməsində birincilik uğrunda mübarizədə Çinlə uğurla rəqabət aparmağa davam edir. Eyni zamanda, Cənubi Koreyanın gəmiqayırma şirkətləri dünya gəmiqayırma bazarında dəyişikliklərə həssaslıqla yanaşırlar.
“Seanews.az” xəbər verir ki, Çin konteyner gəmilərinin tikintisi üzrə müqavilələrin sayında liderliyini qoruyub saxlayarkən, Cənubi Koreya tərsanələri LNG tankerləri üçün getdikcə daha çox sifariş cəlb edə bilir. Bununla yanaşı, son araşdırmalara görə, bu gəmilərə tələbat əhəmiyyətli dərəcədə artıb, konteyner gəmilərinə tələbat isə azalıb.
Elə bu günlərdə Cənubi Koreyanın “Daewoo Shipbuilding & Marine Engineering” (DSME) şirkəti ümumilikdə təxminən 1,3 milyard dollar dəyərində altı LNG tankerinin tikintisi üçün müqavilələrin bağlandığını elan etdi.
Okpodakı “Daewoo Shipbuilding” Gəmiqayırma Zavodunda tikiləcək tankerlərin 2025-ci ilin birinci yarısında təhvil verilməsi planlaşdırılıb.
Bu sifarişlər sayəsində 2021-ci ilin əvvəlindən şirkətin yeni tikinti qovluğunun ümumi dəyəri yeddi il ərzində ilk dəfə olaraq 10 milyard dolları ötüb. Beləliklə, “Daewoo Shipbuilding” 2021-ci il üçün 7,7 milyard dollarlıq sifarişlərin cəlb edilməsini nəzərdə tutan maliyyə planını dekabrın əvvəlinə artıqlaması ilə yerinə yetirə bilib.
“Daewoo Shipbuilding”, hər birinin tutumu 174 000 kubmetr olan daha dörd böyük LNG tankerini Yaponiyanın “Mitsui O.S.K Lines.” gəmiçilik şirkəti üçün inşa edəcək.
Sifarişlərin özəlliyi ondadır ki, operator bu tankerlərdən Arktika dənizlərində LNG-nin daşınması üçün istifadə etmək niyyətindədir. Tankerlərin 2024-cü ildə istismara verilməsi nəzərdə tutulur.
Ümumilikdə, bu ilin yanvar-dekabr aylarında “Daewoo Shipbuilding” 20 konteyner gəmisi, 15 LNG tankeri, 11 VLCC tipli neft supertankeri, 9 super iri LPG / LPG tankeri, dəniz külək stansiyaları üçün bir gəmi, bir sualtı qayığın və iki emal platformasının tikintisi üçün sifarişlər alıb.