“Maersk” karbon-neytral metanolla işləyəcək konteynerdaşıyan gəmilərinin dizaynını təqdim edib

92

“Maersk”, karbon-neytral metanolla işləyəcək 16 minlik gəmilərinin dizaynını təqdim edib.  

“Seanews.az” xəbər verir ki, görünüşünə görə, adi meqa-konteyner gəmilərindən əhəmiyyətli dərəcədə fərqlənməsini “Maersk”də də qeyd edirlər.

Gəmilərin uzunluğu 350 metr, eni isə 53,5 metr olacaq. Konteynerlər üçün daha çox yer ayırmaq məqsədilə kapitan körpüsü və heyət üzvlərinin kayutları gəminin burun hissəsində yerləşdiriləcək. Eyni məqsədlə, borular yalnız bir tərəfdə – arxa tərəfdə olacaq.

Dizayn işlərinə təxminən beş il vaxt sərf edilib. Heyətin rahatlığı və gövdənin möhkəmliyinə xüsusi diqqət yetirilib. Kapitan körpüsünün burun hissəyə köçürülməsi xilasedici qayıqların və naviqasiya işıqlarının yerinin dəyişdirilməsini, körpüdən lazımi görüntünün təmin edilməsi üçün əlavə kameraların quraşdırılmasını tələb edib.

 “Maersk” ümumilikdə 8 belə gəmi sifariş edib. Tikinti işləri “Hyundai Heavy Industries” gəmiqayırma zavodunda aparılır. İlk konteyner gəmisi 2024-cü ilin əvvəlində xəttə çıxmalıdır.