Uzaq səfərlər kapitanı Hacımurad Şirəli oğlu Pənahov 1911-ci ildə Bakı şəhərinin Şağan kəndində anadan olub.
1936-cı ildə Bakı dənizçilik texnikumunu bitirdikdən sonra Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasında işləyib. Təşkilatçılıq qabiliyyəti, bacarığı və biliyi Hacımurad Şirəli oğlunu qısa müddətdə kapitanın üçüncü köməkçisindən kapitan vəzifəsinədək yüksəldib.
Böyük Vətən müharibəsinin ağır illərində “Sentrosoyuz” gəmisinin kapitanı olarkən H. Pənahovun ən yaxşı komandirlik keyfiyyətləri – heyəti monolit komandaya çevirmək, hər bir tapşırığı layiqincə yerinə yetirmək məharəti üz çıxıb.
1954-cü ildə SSRİ Dəniz Donanması Nazirliyinin Akademiyasını bitirən Hacımurad Pənahov Gəmiçiliyin dəniz üzgüçülüyü xidmətində məsləhətçi kapitan vəzifəsinə irəli çəkilib, onlarla gənc kapitan tərbiyə edib.
1961-ci ildə Bakı – Krasnovodsk (Türkmənbaşı) limanları arasında Avropada ən böyük gəmi-bərə keçidi açılarkən məhz Hacımurad Pənahov ən təcrübəli kapitan kimi gəmi-bərələrin ilki – “Sovet Azərbaycanı” dizel-elektroxodunun sükanı arxasına keçib. Onun səyi, işə yaradıcı münasibəti qısa müddətdə gəmi-bərənin istismarının mənimsənilməsinə kömək edib. O, gəmi-bərələrin səmərəli – sıxlaşdırılmış cədvəllə istifadə olunması təklifini verib ki, bu da böyük iqtisadi fayda ilə nəticələnib.
Hacımurad Pənahov uzaq səfərlərə çıxan ilk kapitanlardan olub, uzun müddət Qara və Aralıq dənizlərində üzən gəmilərimizin heyətlərinə başçılıq edib.
H. Pənahov VII çağırış SSRİ Ali Sovetinin deputatı olub.
“Dəniz Donanmasının fəxri işçisi” (1957) olan Hacımurad Pənahov əməyi yüksək qiymətləndirilib. O, Lenin (1963) və “Oktyabr İnqilabı” (1971) ordenləri ilə, müxtəlif medallarla təltif edilib. Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülüb.
Hacımurad Şirəli oğlu Pənahovlar sülaləsinin banisi olub, hər üç övladı ömrünü dənizlə bağlayıb.
Hacımurad Şirəli oğlu Pənahov 1974-cü ilin oktyabrında 63 yaşında qəflətən vəfat edib.
Sevda ABDULLAYEVA
ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı