ABŞ Hərbi Dəniz Qüvvələrinə SSN (X) kod adı olan yeni nəsil nüvə sualtı qayığının yaradılması üzrə tədqiqat və təkmilləşdirmə işlərinin davam etdirilməsi üçün 98 milyon dollar ayrılıb.
“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə Konqresin Tədqiqat Xidmətinin hesabatında deyilir.
İlk yeni nəsil SSN (X) nüvə sualtı qayığının 2031-ci maliyyə ilində Virciniya sinifli başqa bir sualtı qayıqla birlikdə alınması gözlənilir. Daha sonra, 2032 və 2033-cü maliyyə illərində Virciniya sinifli sonuncu dörd qayıq, 2034-cü ildə isə iki SSN (X) sualtı qayığı alınacaq.
Otuzillik plana görə, hər il iki və ya üç SSN (X) nüvə sualtı qayığı alınmalıdır. Nəticədə 2048-ci ilə qədər yeni nəsil nüvə sualtı qayıqlarının sayı azı 66 ədədə çatmalıdır. Belə bir sualtı qayığın dəyəri 5,8-6,2 milyard dollar qiymətləndirilir.
Hazırda ABŞ Hərbi Dəniz Qüvvələrində 19 dördüncü nəsil Virciniya sinifli nüvə sualtı qayığı var.