İsveç prokurorluğu gəmilərin toqquşması ilə bağlı saxlanılan şəxsin həbsini tələb edir

330

İsveç prokurorluğu dekabrın 13-də Baltik dənizində krallıq sahillərində gəmilərin toqquşması işi üzrə saxlanılan Britaniya vətəndaşının həbsini tələb edir.

“Prokuror sərxoş vəziyyətdə gəmini idarə etməkdə, naviqasiya zamanı kobud ehtiyatsızlıqda və ağırlaşdırıcı şəraitdə başqa şəxsin ölümünə səbəb olmaqda şübhəli bilinən şəxsin tutulmasını istəyib”, – deyə qurumun mətbuat xidmətinin məlumatda bildirilir.

“Seanews.az” xəbər verir ki, bu şəxs “British Scot Carrier” yük gəmisinin heyət üzvüdür.

Qeyd edək ki, bazar ertəsi gecə İsveçin İstad şəhəri ilə Danimarkanın Bornholm adası arasındakı akvatoriyada iki gəmi – Britaniyanın “British Scot Carrier” və Danimarkanın “Karin Hoej” gəmiləri toqquşub. Toqquşma nəticəsində daha kiçik Danimarka gəmisi çevrilib, itkin düşən iki  heyət üzvündən birinin cəsədi daha sonra dalğıclar tərəfindən tapılıb. Toqquşma barədə siqnal İsveç Dəniz Administrasiyasına Britaniya gəmisindən gəlib. Onun heyət üzvlərinin sözlərinə görə, onlar sudan qışqırıq səsləri eşidiblər, gəmidən rezin qayıq endirilib, lakin dənizə düşəni tapmaq mümkün olmayıb.