Misirdə Süveyş kanalı kompleksinin istismarından əldə edilən gəlirin ildə 15 milyard dolları keçəcəyinə ümid edirlər

318

Bu ilin noyabr ayında Süveyş kanalının gəlirləri rekord göstəriciyə – 571,3 milyon dollara çatıb.

“Seanews.az” xəbər verir ki, Su yolu administrasiyasının rəhbəri Usamə Rabia bu haqda danışarkən deyib: “2021-ci ilin noyabr ayı ərzində kanalın bütün tarixində aylıq gəlir və xalis tonajda yeni və görünməmiş rekordlar qeydə alınıb. 571,3 milyon dollar gəlir əldə olunub və 113,5 milyon ton yük daşınıb ki, bu da əvvəllər qeydə alınmış bütün rekordları üstələyir”.

Şlyüzsüz Süveyş kanalı gəmiçilik üçün 1869-cu ilin noyabrında açılıb. Onun istismarı əvvəllər bütün Afrika qitəsini dolaşmağa məcbur olan ticarət və hərbi gəmilər üçün Asiyadan Avropaya dəniz yolunu ən azı 8 min km qısaldıb. Hazırda kanalın uzunluğu təqribən 160 km və dərinliyi 20 metrdən çoxdur ki, bu da ondan dünyanın ən böyük gəmilərinin, o cümlədən ən böyük neft tankerlərinin keçməsini mümkün edir.

2015-ci ildə kanalın 72 kilometrlik yeni qolunun açılışı olub. Ehtiyat qol nəqliyyat arteriyasının tutumunu sutkada 49-dan 97-yə qədər artırmağa imkan verir.  

Misir hakimiyyəti 2023-cü ilə qədər bütün Süveyş kanalı kompleksinin istismarından əldə edilən gəlirin ildə 15 milyard dolları keçəcəyinə ümid edir.