Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Mingəçevirdə kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib.
FHN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, Kür çayının sahilində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə kiçikhəcmli gəmi istifadəçiləri iştirak ediblər.
Tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlığı barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair tövsiyələr verilib, bu tipli su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da maarifləndirilib.
Sonda iştirakçılara bu tipli gəmilərin təchizat avadanlığı və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanıb.