Vahid Ələkbərov: “Lukoyl” “Şahdəniz”də operator olmayacaq”

435

Rusiyanın “Lukoyl” neft-qaz şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının kəşfiyyatı və işlənməsi layihəsindəki mövcud paydan razıdır.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bunu “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov jurnalistlərə açıqlamasınnda bildirib.

Onun sözlərinə görə, şirkət Malayziyanın “Petronas” şirkətindən layihənin 9,99 %-ni aldıqdan sonra daha böyük pay almaqla layihənin operatoru olmağa çalışmayacaq.

“Xeyr, biz BP-nin operator missiyasını necə yerinə yetirməsindən razıyıq”, – şirkət rəhbəri bildirib.

V. Ələkbərovun sözlərinə görə, 9,99 %-lik alqı-satqı üzrə sövdələşmə artıq imzalanıb və ödəniş birinci rübdə həyata keçiriləcək.

Bundan əvvəl bildirilmişdi ki, “Lukoyl” layihə tərəfdaşları ilə mülkiyyət hüquqlarına riayət olunması məsələsi ilə bağlı danışıqlardan sonra, “Şahdəniz” layihəsində “Petronas”dan aldığı payı 15,5 %-dən 9,99 %-ə endirəcək. Eyni zamanda, razılaşmanın məbləği 2,25 milyard ABŞ dollardan 1,45 milyard ABŞ dollara qədər azalacaq. Sövdələşmənin 2022-ci ilin yanvarında bağlanacağı gözlənilir.

Sövdələşmə haqqında 2020-ci ilin oktyabrında elan edilib. Daha sonra “Lukoyl” layihədə 15,5 % almaq və bununla da öz payını 10 %-dən 25,5 %-ə yüksəltmək niyyətində olub. Lakin dekabrda layihənin operatoru olan Böyük Britaniyanın BP şirkəti 28,8 %-ə sahib olmaqla, öz payını 1,16 % artırmaqla 168 milyon ABŞ dollara alaraq artırmağa qərar verib.

Qeyd edək ki, “Şahdəniz” layihəsi üzrə tərəfdaş şirkətlərin iştirak paylarındakı dəyişikliklər Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Cənubi Qafqaz Boru Kəmərində şirkətlərin səhm paylarının bölgüsünə də aid edilmiş və müvafiq şirkətlərin kəmər üzrə iştirak paylarında da eyni nisbətdə dəyişikliklər təsbit olunub.

Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi SOCAR və beynəlxalq şirkətlərin konsorsiumu arasında 4 iyun 1996-cı il tarixində imzalanıb. Yataq Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 70 kilometr cənub şərqdə yerləşir. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi və Cənub Qaz Dəhlizi ilə bağlı yekun investisiya qərarı 17 dekabr 2013-cü il tarixində qəbul edilmişdir. 2018-ci ildə “Şahdəniz 2” layihəsi çərçivəsində hasil edilmiş ilk təbii qaz həcmləri Türkiyə bazarına daxil olmuşdur. 31 dekabr 2020-ci il tarixindən etibarən “Şahdəniz” yatağından hasil edilən təbii qaz həcmləri Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinə də nəql olunmaqdadır.