LNG daşıyan gəmilər istiqaməti Avropaya doğru dəyişir

436

Asiyaya mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmilər istiqamətini qazın qiymətlərinin sürətlə artdığı Avropaya doğru dəyişir.

“APA-Economics”in məlumatına görə, bu barədə “Financial Times” qəzeti yazır.

“Asiyaya gedən LNG daşıyıcıları qazı daha yüksək qiymətə almağa hazır olan Avropa istehlakçılarını təmin etmək üçün istiqamətlərini yarı yolda dəyişir”, – məlumatda deyilir.

Xatırladaq ki, ötən gün keçirilən hərracların bağlanması zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti təxminən 2 100 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Belə ki, 21 dekabr tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) yanvar fyuçerslərinin qiyməti 2 107,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 716,7) ilə müqayisədə 22,7% çoxdur.

Əlavə edək ki, dünən gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.